Allahverdi Yolçuyev: “Aktyor avtobusda basabasda gedib, kral rolunu oynaya bilməz” – MÜSAHİBƏ

Hazırda oxunan: Allahverdi Yolçuyev: “Aktyor avtobusda basabasda gedib, kral rolunu oynaya bilməz” – MÜSAHİBƏ

154598

Bir neçə gün əvvəl doğum gününü qeyd edən məşhur aktyor Allahverdi Yolçuyevin Bizim.Media-ya müsahibəsini təqdim edirik:

- Yay mövsümünü başa vurduq. Allahverdi müəllim, bu yayı necə keçirtdiniz?  

- Bu yay İstanbula, İtalyaya, Fransaya getmədim (gülür). Bu mövsümü ailəmin yanında, evimdə keçirtdim. Beş dəfə dənizə getdim, vəssalam. Bu yay da mənim üçün yadda qalan heç bir hadisə olmadı.   

- Avqustun 20-də 65 yaşa qədəm qoydunuz. Doğum gününüzü necə qeyd etdiniz? Sənət yoldaşlarınızdan kimlərdən təbrik və hədiyyələr aldınız? 

- Mən şir bürcü, it ilindənəm. Doğum günümü ailə üzvlərimin və dostlarımın əhatəsində keçirdim. Çox sayda insan məni təbrik etdi. Onlar arasında həmkarlarım, müğənnilər, iş adamları vardı. “Xəzər” televiziyasının rəhbəri Xalq artisti Murad Dadaşov mənə tort yolladı və təbrik etdi. Diqqət mərkəzində olanda insan sağlam olur və xəstəlikdən uzaq olur. Hər zaman çalışmışam əsəbləşməyim, intriqadan uzaq olum. 

Mənə mədəniyyət və incəsənət aləmində “tıxsız balıq” deyirlər. Qeybət və dedi-qodu ilə aram yoxdur. Yalançı və əliəyri insanları sevmədiyim üçün onlarda uzağam. Pozitiv olmağa çalışıram. Çünki elə olduqda ömür də uzanır. Həyatda hər şey ola bilər. Amma torpağın altından bir dilim qara çörək tapıb onu başqaları ilə bölüşsən, bir gün artıq yaşaya bilərsən. 

Amma gözü doymayan insanlar da var. Deyir ki, “o da mənim, bu da mənim”. O pis xasiyyətdir. İnsan gərək əldə etdiklərini mütləq şəkildə paylaşsın ki, ruzu da çoxalsın. Əbəs yerə deməyiblər ki, “dərdi paylaşanda azalır, sevinc isə çoxalır”. 

Mən Azərbaycan İncəsənət Məktəbində uşaqlara dərs deyirəm. Onlara bu sənətin ağırlığından, çətinliyindən danışıram ki, böyüyəndə özlərindən müştəbeh olmasınlar, ailələrini, dostlarını, Vətəni, torpağı, mədəniyyəti sevsinlər. Mədəniyyətin inkişafında zəhmət çəksinlər. Çünki mədəniyyətimiz bizim tarixi köklərə bağlıdır. Mədəni irsimizi qorumaq isə hər birimizin məcburi və vətəndaşlıq borcudur. Başqa cür ola bilməz. 


- Heç kimə sirr deyil ki, artıq uzun illərdir ki, siz parkinson (Parkinson xəstəliyi beyin sapının dopamin istehsal edən bölgəsindəki hüceyrələrin itməsi nəticəsində yaranır. Nəticədə Titrəmə və Davranış pozğunluqları yaranır – red.) xəstəliyindən əziyyət çəkirsiniz. Hazırda səhhətiniz necədir? 

- Bu xəstəliklə artıq üç ildir ki, çarpışıram. Gah o mənə, gah da ki, mən ona qalib gəlirəm. Özəl tibb ocaqların biri bir ildən çoxdur ki, məni təmənnasız şəkildə müalicə edir. Onlara dərin təşəkkürümü bildirirəm. Çox irəliləyişlər var. Bundan əvvəl yazı yaza bilmirdim, tez-tez əsəbləşirdim, sinirlərim yerində deyildi. İndi şükürlər olsun ki, səhhətimdə yaxşılığa doğru irəliləyişlər var. Sağlamlığım çətin də olsa, geri qayıdır. Parkinson çox ağır və ciddi xəstəlikdir. Müalicəsi də asan başa gəlməyən xəstəlikdir.  

- Bəs necə oldu ki, siz parkinson xəstəliyinə düçar oldunuz?  

-  Çox çətin xəstəlikdir. Bu xəstəliyin yaranmasının müxtəlif səbəbləri var. Antidepresant dərmanlarını çox sayda qəbul edəndə bu xəstəlik yanır. İrsi də ola bilir. Parkinson xəstəliyi nənəmdə, babamda və anamda da olub. Demək ki, məndə də irsi yaranıb. Amma onlarda bu xəstəlik 80 yaşlarında olub. Məncə bu qocalıqla yaranır. Beyində dopomin adlı xoşbəxtlik hormonu azalır, neyronlar ölür və nəticədə bu xəstəlik yaranır. 

Parkinsondan dünyada 6 milyondan çox insan əziyyət çəkir. Bəlkə də daha çoxdur. Bunun tam sağalması üçün ağır əməliyyat tələb olunur. Amma əməliyyatdan sonra ömrünün sonuna kimi dərman qəbul etməlisən. Bu xəstəlikdən sağalmaq üçün beynini pis fikirlərlə yükləməməlisən. Hər zaman pozitiv olmalısan. Səs-küylü yerlərdən uzaq olmaq lazımdır. Hətta dava-dalaş filmlərini belə izləməməlisən. Çünki o cür səhnələr insanın beynini və sinir sistemini siradan çıxarır. 

Bir sözlə neqativ nə varsa, bu xəstəlikdən əziyyət çəkən insanlara mənfi təsir edir. Stressdən uzaq olmalısan. Şəkər xəstəliyi kimi Parkinson da həyat tərzi kimidir. Ümid edirəm ki, məndə nə zamansa bu xəstəliyə tam qalib gələcəyəm. 


- Son zamanlar bir çox mədəniyyət və incəsənət nümayyəndələri fəxri adlar və ordenlərlə təltif olundular. Amma yenədə sizin adınızı bu siyahılarda görmədik...

- O illərdə fəxri ad almaq kimi şansım olanda Mədəniyyət Nazirliyində elə şəxslər rəhbər vəzifəsində idilər ki, ürəkləri istədikləri insanlara o adları verirdilər. Amma yeni mədəniyyət naziri Adil Kərimli çox mədəni şəxsdir. O, incəsənətə, sənətə və sənətkarlaraq dəyər, qiymət verən insandır. Adil müəllim şəxsən mənim vəziyyətim və səhhətimlə maraqlanır, dəstək olur. İnanıram ki, məndə yaxın zamanlarda fəxri ada layiq görülərəm. 

Mədəniyyət xalqın simasıdır, mədəniyyət nə qədər uca olsa o qədər o ölkə tanınar. Öz adımdan Adil müəllimə və onunla çalışan komandasına uğurlar diləyirəm. Əhalinin 90% məni tanıyır, hardasa görəndə salamlaşır, hal-əhval tutur, hörmət edir. Amma fəxri ad almaq, diqqət mərkəzində olmaq bir stimuldur. Bu o deməkdir ki, yaddan çıxmamışam, unudulmamışam. İnanıram ki, yaxın zamada elə bir şansım olacaq ki, dəyərimi və qiymətimi alım. 

- Fəxri ad almadığınıza görə, küsüb, inciyirsiniz?

- Əsla yox! Mən küsməyin nə olduğunu heç başa düşmürəm (gülür). Mən hər şeyi adi qəbul edirəm. Axı küsmək nəyə lazımdır? İstənilən halda hər zaman haqq-ədalət qalib gəlir. Sonda gec və ya tez istədiyinə nail olursan. Düzdür yaş da gedir, sağlamlığın da... Amma tarixdə insan öz adı ilə qalır. Hacı Zeynalabdin Tağıyev nə Xalq artisti idi, nə də hansısa titulu var idi. Amma o şəxsiyyət insanların yaddaşında hər zaman yaşayır yaratdığı əsrarəngiz binalar, imarətgahlar, gördüyü xoş və mərhəmətli işlərlə. Bunlar isə hamısı tarixə çevrilib. 

Eləcə də mən... Çoxsayda teatrlarda rollar oynamışam, universitetdə dərslər demişəm, filmlərə çəkilmişəm - bunların hamısını kənara qoyuram. Mən konsertlərdə aparcılıq etmişəm, parodiyalar nümayiş etdirmişəm, beynəlxalq müsabiqələrdə çıxışlar edib diplomlarla mükafatlanmışam. "Ovçu Pirim" deyəndə, dərhal yada mən düşürəm. 

Əfsanəvi fransız aktyoru Lui Definesin səsini mən dublyaj etmişəm. Böyük kimi də çıxmasın, möhür vurmuşam. Bir sözlə mən yaddaşlarda qalacağam. Az əvvəl söylədiyiniz fəxri ad almadığıma görə, küskünlük təbii ki, az da olsa, yaranır. Özümə suallar verirəm, axı niyə? Niyə sən bunlardan uzaqda qalasan və diqqət mərkəzində olmayasan?


- Fəxri ad almaq üçün Mədəniyyət Nazirliyinə rəsmi qaydada müraciət etmisiniz?

- Təbii ki, müraciətlər etmişəm. Rəsmi qaydada məktublar da yazmışam. Cavab gəlib ki, sizdə yaxın zamanlarda fəxri ad alacaqsınız. Amma olmadı. O dövr getdi... Bu dövrə isə inanım daha çoxdur. 

- Uzun müddətdir ki, siz həmdə müxtəlif xarici filmlərin dublyajı ilə məşğul olursunuz. Bir müddət əvvəl həmkarlarınız Zülfiyyə Qurbanova efirlərin birində dublyaj edən aktyorların çox aşağı qonorar alması ilə bağlı gileylənmişdi. Bəs siz dublyajdan aldığınız qonorardan razısınız?

- Zülfiyyə xanım düz vurğulayıb, həqiqətən də dublyajdan verilən qonorar çox aşağıdır. Bir günə dublyaja görə 20-25 manat pul verirlər. Bizim çəkdiyimiz o zəhmətin qarşılığında o pul heçnədir. Çox gülünc məbləğdir. Özünüz də görürsünüz ki, indi hər şeyin qiyməti necə qalxıb. Hər şey qalxır amma maaş və qonorar qalır öz yerində. 

Amma əslində televiziya dublyajlarından daha önəmlisi Azərbaycanfilm Kinostudiyasının təmir edilməsidir. Yadıma gəlir ki, uşaqlıq vaxtlarımda orada böyük pavelyonlar vardı. Ora kütləvi səhnəni səsləndirməyə gedirdik və ona görə bizə qonorar verirdilər. Ora mütləq şəkildə bərpa olunmalıdır. Bakıda ola bilsin ki, əhalinin 50% televiziyaya baxmır, amma kənd və rayonlarda ana dildən başqa digər dil bilmirlər və belə olan halda onlar üçün daha maraqlıdır dublyaj olunan filmləri izləmək. Dublyaj olunan xarici seriallar onlar üçün maraqlıdır və səbrsizliklə gözləyirlər. Təbii ki, bizim seriallara da baxırlar. Yavaş-yavaş dublyajda da hər şey düzələcək. 

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, aktyorların maddi vəziyyəti çox aşağıdır. Bildiyim qədərilə hazırda heç bir teatrda çalışmırsınız. Bəs, Allahverdi müəllim necə dolanır?

- Sizinlə müsahibəmizi bitirdikdən sonra "DOST" mərkəzinə yollanacağam. Böyük bir təntənə ilə mənə məktub göndəriblər ki, artıq təqaüd yaşınıza çatmısınız. Gəlin 280 manatınızı almaq üçün təqaüd kartınızı götürün. Ayda 280 manat alacağam.

Bəlkə də gələcəkdə bu təqaüd olacaq 290, 300 və s. (gülür). Hər kəsin qiymətini sağlığında vermək lazımdır. Öləndən sonra həmin şəxs barəsində o qədər rəvayətlər, nağıllar, əfsanələr, qəhrəmanlıq şeirləri, dastanlar qoşurlar ki,... Söyləyirlər: “nə yaxşı və gözəl insan idi...“ 

Bizim sənətimizin xüsusiyyəti cəmiyyət, insanlar arasında olmaqdır. Təcrid olub demək ki, “ildə bir dəfə səhnəyə çıxacağam” bu tamaşaçıya və xalqa böyük hörmətsizlikdir. Sənət adamı xalq arasından çıxır. O fəhlədir, mən isə aktyoram... Nə dəxli var? Hərə öz peşəsinin sahibidir. Fəhlə gəlib elə bir iş görər ki, sən 40 il o işi görə bilmərsən.


- Bir müddət əvvəl Xalq artisti Rasim Balayevin “Mən niyə özümü həsr etməliyəm bu kütləyə?!”sözləri geniş müzakirələrə səbəb oldu. “Xalq” və “kütlə” anlayışlarının arasındakı fərq sizcə nədədir? 

- Dərd orasındadır ki, bu iki kəlmə arasında fərq yoxdur. "Kütlə" bilmədən addım atan insanlara deyirlər. Biri "hay-küy" edərək gedir, digəri də düşür onun arxasıyca. Bu olur "kütlə". Misal üşün "kütləvi ixtişaşlar"... Kütlənin qarşısını almaq olmaz. Adi kütlə deyilir. Biri var ki, 10 nəfər gedir və konket məsələ qoyurlar ki, bu işin öhdəsindən gəlmək üçün 10 nəfərlə gedirik müdürün və ya kiminsə yanına. Onda bu olur nümayəndə. Bir də var ki, biri-ikisi gedir, üçüncü və dördüncünün xəbəri yoxdur ki, niyə onlara qoşulur. Bu da olur kütlə. Yəni o kütlə də əksər vaxtı təəssüf ki, yalnız və yalnız qeybət söhbəti edir. Bilmir nədir nə deyil. Yəni birinin üstünə beşini də qoyur danışır. 

Rasim Balayev Azərbaycan kinosunun ən zirvədə olan sənətkarlarından biridir. O, Xalq artistidir. Camaat Rasim Balayevə baxanda elə düşünür ki, "Nəsimi" küçədə gəzir. Nəsiminin şeirlərini oxuyursan, gözünün önünə Rasim Balayev gəlir. Rasim müəllim onlarla xarici filmlərə çəkilib. Onun səviyyəsində olan insan onunla danışmalı, müsahibə almalıdır. 

Bizdə belə bir kəlam var "Yıxılana balta vuran çox olar". Kimsə şan-şöhrətə çatırsa dərhal paxıllığını çəkillər, yıxılanda sevincdən "əcəb oldu ona" deyib, gülürük. Bunlar nədən irəli gəlir? Bu insanlığın hansı meyarı ilə ölüçülür belə münasibət? Bu axı mümkün deyil... Rasim Balayevin üstünə sosial mediada hücum çəkildi. Bu isə heç doğru deyil. Bir insan içki düşkünü də ola bilər, beş dəfə boşanıb, yenə də evlənə bilər. Axı niyə bunları sən onun sənətinə qatırsan? Sən onu aktyor kimi uca tut. Ən azından sən onun filmləri ilə böyümüsən. 

Mən şəxsən özüm Rasim Balayevin çəkildiyi filmlərə baxanda böyük zövq alıram. Deyirəm ki, bu kinolar necə çəkilib?! Elə bil ki, özümü orada olmuş kimi hiss edirəm. Kütlə, xalq, millət, insanlar bunlar hamısı sinonimdir. Eyni sözlərdir. Sadəcə olaraq ağıllısı və ağılsızı var. Özbaşına qoşulanı var, dəqiq məqsədlə gedən var. Sadəcə budur. Yoxsa düşürlər ve deyirlər ki, Rasim Balayev "kütlə" dedi. Üzr istəyirəm, "kütlə" ata, baba söyüşü deyil. Kütlə ədəbi sözdür. Ruslar "kütlə"yə "толпа" deyir. 


- Xalq artisti Afaq Bəşirqızının bir çox çıxışları cəmiyyət arasında birmənalı qarşılanmır. Müsahibələrin birində onun söylədiyi “Aktyorların film çəkilişlərində acından ürəyi gedir" sözləri müzakirə predmetinə çevrildi. Ümumiyyətlə aktyorlara dəyər və qiymət niyə bu qədər aşağıdır? 

- Afaq xanım hər zaman cavanları və ətrafında olan insanları qoruyur, eyni zamanda həmkarlarına yüksək dəyər və qiymət verir. Sözünü əsəbi də olsa, deyir. Aktyorların filmə çəkilməsi eynən dublyaj məsələsini xatırladır, hətta deyərdim ki, buna bərabərdir. Elə aktyor var ki, serial və filmə çəkilir, amma bunun müqabilində pul almır. Rejissora deyir ki, məni çək, başqa heçnə lazım deyil. 

İndi kiminsə əgər boyu-buxunu və yaraşığı varsa, mütləq şəkildə onu filmə çəkmək doğru deyil. Çünki həmin şəxsin sənətdən xəbəri olmalıdır. Düzdür, indi bu kimi məsələlər şükürlər olsun ki, azalıb. Əvvəllər seriallar yox səviyyəsində idi. Amma indi Rövşən İsaxın, Taleh Yüzbəyovun ərsəyə gətirdiyi maraqlı serial və filmləri var. Gənclərə serial və film çəkmək üçün maddi baxımdan dəstək olmaq lazımdır ki, onlar daha da inkişaf etsinlər. Pul olmayanda heç nə etmək olmur. Nə qədər istedadın olsa da, hər şeyin başında pul dayanır. Sponsor olmasa heç bir şey etmək olmur. 

Xarici filmlərə belə baxanda görərsiniz ki, ondan çox sponsorun adı yazılır. Sizin redaksiyanız vasitəsilə imkanlı şəxslərə çağırış edirəm ki, mədəniyyətimizin inkişafına yardım əllərini uzatsınlar. Onlar kömək etməklə tarixə düşəcəklər. Bir sözlə sənət insanlarına maddi yardım etsinlər. Aktyor avtobus və metroda basa-basda gedib, səhnədə "kral"ı oynaya bilməz. Yəni o rol üçün aktyor hazırlaşmalıdır. Onun misal üçün kommunal problemləri, maddi sıxıntıları olmamalıdır. Çünki bunlar olan halda hamısı bizi geri aparır. 

Belə bir məsəl var: "İnam ən sonda ölür". İnanıram ki, bizim sahədə hər şey yaxşı və gözəl olacaq. Yaxın zamanda bizim də sənətimiz və peşəmiz öz dəyərini və qiymətini alacaq. Çünki Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyətimizə bağlı və onu sevən şəxsiyyətlərdir. Bizim ifaçılarımız bir çox ölkələrdə çıxışlar edirlər və onları başqa xalqın nümayəndələri ayaq üstə alqışlayırlar. İnanıram ki, hər şey yaxşı olacaq. 

İndi başlayım ağlamağa və deyim ki, ölürəm... Belə insanlar var. Mən belə şeylərə ehtiyac duymuram. Sadəcə deyirəm ki, "kor-kor, gör-gör". Mən 45 ildir ki, səhnədə və sənətdəyəm. Mənim də haqqım var... Amma qışqır-bağır salmağa lüzüm yoxdur. Sakitcə, rahatca soruşuram ki, "Mənə niyə fəxri ad vermirsiniz?". Fəxri ad verməməyinizin səbəbini bilmək istəyirəm. Və əgər layiq deyiləmsə, deməli layiq deyiləm. Və ya təqaüdə baxanda desinlər ki, bu adam üç ildir ki, efirdən çıxmır, əli-ayağı əsir, dəfələrlə müraciət edib səhiyyə orqanlarına.

Xəstəliyin müalicəsi Bakıda yoxdursa, məni Almaniyada, Türkiyədə, Qazaxstanda və Rusiyada müayinə və müalicə edə bilərlər. O da baxır xəstəliyimin dərəcəsinə. Bəlkə heç məndə parkinson deyil və ya bəlkə də bu xəstəlikdir. 

Mən özüm bu yaşda belə hamıya diqqət ayıram. Lazım gələndə maddi köməkliyimi belə əsirgəmirəm. Baxmayaraq ki, özümün maddi sıxıntıları var. Adicə yolla gedirsən, görürsən ki, 70-80 yaşlı qadın küçə süpürür. Olmaz! Bunun qəti tərəfdarı deyiləm. Təqaüd artırılmalıdır ki, o qadın getsin evdə otursun, bu yaşda işləməsin. 

- Aktyorlar çox zaman teatrlarda olan intriqalardan şikayətlənirlər. Hətta onlar fəxri ad almamaqlarını məhz çalışdıqları teatrla əlaqələndirirlər. Bəs, siz bu kimi qalmaqallı məsələlərin şahidi olmusunuz? 

- Teatr yaranan gündən intriqalar olub. Amma mən universiteti bitirəndən sonra üç il Sumqayıt Dövlət Dram Teatrından işlədim. Və orada nə qalmaqal, nə də ki intiqa gördüm. Hamı bir-birinin yasına da, toyuna da gedirdi. Orada bir adamın "cınqırı" belə çıxmırdı ki, “mənə rol və ya fəxri ad vermədilər”. Hamı bir-biri ilə "can deyib, can eşidirdi". Qastrollara da gedəndə aktyorlar hamısı mehriban idi. Bu qalmaqallara və intriqalara qoşulan da var, qoşulmayan da. Hətta darıxanlar da var... Darıxır ki, bir mövzu yoxdur, kimləsə söz-söhbət edim. Amma bu kimi məsələlər olmasa daha yaxşıdır. Ömrümüzü aparır... 


- Düşmənləriniz var? 

- Xeyr, düşmənim yoxdur. Mənə bu cameədə "tıxsız balıq" deyirlər. Ola bilər, haqqımda ürəyində pis fikirləşən var. Amma hər zaman özüm gülə-gülə birinci yaxınlaşıb, "salam" verirəm. Kin, küsmək kimi şeylər mənlik deyil.

- Bu sənətdə kifayət qədər çətinliklər və maddi sıxıntılarla üzləşmisiniz. Heç olub ki, deyəsiniz kaş bu sənətə gəlməzdim. 

- Deyim ki, peşəmi səhv seçmişəm, yalan olar. Mən bu peşəni sevmişəm, sevirəm və sevəcəyəm. Deyim ki, ailədə nələrsə var, onuda deyə bilmərəm çünki, gözəl qayğıkeş xanımım və dörd övladım var. Onlar başıma fırlanırlar. Dostlarım da öz növbəsində gecə-gündüz zəng edirlər, maraqlanırlar, diqqətlərini əsirgəmirlər. Amma hərdən bir bezib telefonumu söndürüb deyirəm ki, iki ay hər şeydən və hamıdan uzaq qalıb, istirahət etməliyəm. Çünki danışmaqdan çənəm yerindən çıxır (gülür). 

- Sizin fikrinizcə Azərbaycan teatr sənətinin "kral" və "kraliça"sı kimdir ?

- Allah İlhamə Quliyevaya rəhmət eləsin. Sağ ikən hamıya o ad və titul verirdi. Mən elə işlərə qarışa bilmərəm. Hər kəs öz sənətinin kralı ola bilməz. Yəni hamı kral ola bilməz. Vəzir, hersoq, vəkil də olmalıdır.

Nə olmağından aslı olamayaraq çalışsınlar mehriban olsunlar. Onlar mehriban olsalar sənətlərinin "kral"ı da, "kraliça"sı da olacaqlar. Kimisə kimdənsə, nəyə görəsə fərqləndirmək düzgün məsələ deyil. Sovet aktyoru Hacıməmməd Qafqazlı hər zaman teatrda epizodik rollar oynayıb. Vəzir, molla, dini şəxs və s. Amma hamının yadında qalıb. O "Qurani Kərim"i çox gözəl bilirdi. Çünki o işinin peşakarı idi. Onun simasında belə aktyorlar çox idi. Onlar da teatra lazım olan insanlar olub. 

Elə hamı kral rolunu oynamalı deyil ki... Kimsə də nökər rolunu oynamalıdır. Sovet və rus aktyoru Konstantin Stanislavskinin belə bir sözü var - "Rolun böyüyü, kiçiyi yoxdur. Aktyorun böyüyü, kiçiyi var". Aktyor epizodik rol oynaya bilər. Misal üçün "İstintaq" filmində həbsxanada böyük rus aktyoru sovet aktyoru Yevqeniy Lebedev epizodik rolu canlandırıb. Amma hər kəsin yaddaşında bu rolu ilə qala bilib. Lütfəli Abdullayevin "Məşədi İbad"da heç sözü yoxdur, "Qoçu Əsgər"in yanında qaçır və yerə yıxılır. Amma bu obrazı ilə hamının yadında qalıb. 

Deməli o aktyor kimi böyüyüb və yetişib. İngilis dramaturq və yazıçı Uilyam Şekspirin sözünü yada salmaq lap yerinə düşər "Bu dünya teatrdır, orada olan insanlar isə aktyordur". Çünki evdə həyat yoldaşına və uşaqlara bir cür danışırsan, qonşu ilə isə bir cür danışırsan və s. Bir gündə 7-8 dəfə dəyişirsən. Hesab edirəm ki, bu sənəti sevən, dəyər, qiymət verən soyuqdan-çovğundan, dedi-qodudan qoruyan aktyor elə bu sənətin "kral"ı və "kraliçası"dır. Bu sənəti isə qorumaq lazımdır.

Rəşad Əliyev, Nicat Niftəliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO