Mərhum incəsənət xadimlərinin ruhunu incidən BARELYEFLƏR: Bu işə nəzarət niyə yoxdur?

Hazırda oxunan: Mərhum incəsənət xadimlərinin ruhunu incidən BARELYEFLƏR: Bu işə nəzarət niyə yoxdur?

138157

Tanınmış liderlərin, ictimai xadimlərin, hər hansı sahədə öz imzasını qoyub getmiş sənətkarların, elm adamlarının xatirəsinin, ruhunun yaşadılması və gələcək nəsilə ötürülməsi üçün onların heykəllərinin, barelyeflərinin, büstlərinin ucaldılması labüddür. 

Təkcə bu səbəbdən deyil, ümumiyyətlə, ölkənin memarlıq abidələrinin olması, göz oxşaması ölkəyə turist axının cəlb olunmasında, tanınmasında bilavasitə rol oynayır.

Məsələn elə götürək, arxitekturası ilə məşhur olan Milanı, Sankt-Peterburqu... Hər ora səfər edən şəxs adıçəkilən şəhərlərin tarixiliyindən, mədəni abidələrindən ağız dolusu danışır.

Lakin ölkəmizdə təəssüf ki, son tendensiyaları nəzərə alsaq, memarlıq sahəsinin heç də ürəkaçan olmadığı göz önündədir. Elə son günlərdə, böyük müzakirə obyektinə çevirilən mərhum Xalq artisi Yaşar Nuri, Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədlinin xatirəsinə “hazırlanan” barelyeflər sözügedən mövzunun bariz nümunələridir.

Bəs bu “əl işləri”nə nəzarət kim tərəfindən aparılmalıdır?

Elmlər Akademiyasının fəxri doktoru, professor, memar Cahid Həsənov mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib. 

Onun sözlərinə görə, Azərbaycan sənətkarları, memarları və bilavasitə heykəltaraşları Sovetlər Birliyi dövründə MDB ölkələrinə göndərilirdilər, lakin indi....

"Amma indiki zamanda bu kimi əl işləri kənardan elə düşüncə yaradır ki, sanki Azərbaycanın klassik, memarlıq, heykəltaraşlıq məktəbi, akademiyası olmayıb. Çox təəssüf ki, bu sifarişlərin haradan, kimin vasitəsi ilə gəlməsi məlum olmadan, müsabiqələr təşkil edilmədən bu barelyeflərin qoyulması çox gülünclük yaradır. Əksər heykəl, barelyeflər çox primitivdir. Elə bil ki, hansısa həvəskarın, 1-ci kurs tələbəsinin və yaxuddakı heç heykəltaraşlıqdan məlumatı olmayan hansısa bir studioya, dırnaq arası heykəltaraşa bu işi həvalə ediblər. 

Sözügedən barelyeflər cizgi filmi personajlarına oxşayır axı, bu səviyyəyə salmaq olmaz, ayıbdır. Əgər Xalq artistinin, dövlət mükafatı laureatının barelyefinin, büstünün hazırlanmasında bizim kimi sənətkar memarların xəbəri yoxdursa, uşaq-muşaqlara həvalə ediləcəksə bu kimi işlərlə memarlıq sahəsi uçuruma yuvarlanacaq. Onların heç hazırlandığı materiallar bilinmir ki, tunc, qranit, metal yoxsa tökmə materialdır. Hazırda 3D və digər texnologiyaların inkişaf etdiyi bir əsrdə, 2023-cü ildə heykəl nümunələrinin proporsiyaları, çıxıntı-girinti effektləri yerində deyil".

Memar həmçinin bu kimi işlərin layihələndirilməsində müsabiqələrin keçirilməsini, peşəkarlardan ibarət münsiflər heyətinin rəyinin vacibliyini qeyd edib:

“Tanınmış bu kimi şəxslərin heykəllərinin layihələndirilməsində bütün ictimaiyyət iştirak etməlidir. Ən azından, müsabiqə elan olunanda ərsəyə gələn işlərə baxış üçün ayda bir-iki dəfə Mədəniyyət Nazirliyində açıq qapı günləri keçirilməlidir. Və bu sahənin mütəxəssisləri- mühəndislər, dizaynerlər, memarlar, heykəltaraşlar müsabiqədə münsif olaraq iştirak etməlidirlər. 

Həmçinin bunu da qeyd edim ki, keçirilən müsabiqələr də o qədər primitiv keçirilir ki, bu sahədə öz sözünü demiş 50 ildən də yuxarı bu sahəyə xidmət göstərmiş, uğurları olan sənətkarlar kənarda qalır, xəbərsiz olurlar.
Məhz bunun nəticəsidir ki, gördüyünüz uğursuz, yöndəmsiz nümunələr ərsəyə gəlir. Kiminsə tanışıdır deyə, Azərbaycanın tanınmış şəxsiyyətlərinin, incəsənət xadimlərinin, yazarların heykəl, barelyef, büstlərini onlara həvalə etmək faciədir. 
Mən, bir memar olaraq Mədəniyyət Nazirliyinə bu barədə məktub da yollamışam, lakin hələ də cavab yoxdur. Əgər belə işlər ortaya qoyulacaqsa, Memarlıq və İnşaat Universiteti, Rəssamlıq Akademiyası nəyə lazımdır?”, - deyə memar C.Həsənov açıqlamasını tamamlayıb.

Mövzu ilə bağlı artıq 2 gündür ki, Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışırıq. Sorğumuzun tezliklə cavablanmasını gözləyirik, nə deyək təki bu rəzilliyə bir son qoyulsun.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO