“Elə tanınmışlar var ki, 1 qəpiklik səsləri yoxdur” – Müğənni Zaur Cəlilovla MÜSAHİBƏ -  VİDEO    

Hazırda oxunan: “Elə tanınmışlar var ki, 1 qəpiklik səsləri yoxdur” – Müğənni Zaur Cəlilovla MÜSAHİBƏ -  VİDEO    

111969

Öz səsi, istedadı ilə seçilən müğənnilər hər zaman yadda qalan olur. Amma çox zaman onlar diqqət mərkəzindən kənar qalır, tanınmaq, məşhurlaşmaqdan çəkinirlər. Elə bu dəfəki həmsöhbətimiz də bu qəbildəndir.

Bizim.Media estrada ifaçısı Zaur Cəlilovla olan müsahibəni oxuculara təqdim edir:

- Gəlin, öncə sizi tanıyaq, Zaur Cəlilov kimdir?

- Mən Zaur Cəlilov 33 yaşım var. Əslən Qax rayonundanam. Musiqiyə həvəsim demək olar ki, uşaqlıq illərimdən yaranıb. Artıq 8-ci sinifdən mən səsimin olduğunun fərqinə varmışdım. Musiqi məktəbində qarmon aləti üzrə təhsil almışam. Həmçinin bununla yanaşı xorda da ifa edirdim. Hətta yarışmalara qatılıb diplomlar, təltifnamələr almışam. Zamanla musiqiyə sevgim daha da böyüyüb.

- Müğənnilik fəaliyyətinizə nə zamandan başlamısınız?

- 2018-ci ildə "Azərbaycanın səsi" müsabiqəsinin finalçısı olmuşam. Demək olar ki, ekran qarşısında çıxışlarım o illərdən bəri davam edir. Müsabiqənin münsiflər heyəti tanınmış sənətçilərimiz, sənətkarlarımız - İntiqam Kərimov, Nazpəri Dostalıyeva, Elza Seyidcahan və Asif Kərimov idi. Onlardan nələrsə öyrənmək, eyni səhnəni paylaşmaq bizim üçün çox xoş idi.

- Yarışmalar həyəcan və ən əsası polemikalar ilə yadda qalır. Bəs sizin üçün necə?

- Mən bu suala cavab verib yarışmaya və onun qaliblərinin uğuruna kölgə salmaq istəmirəm. Amma haqsız rəqabət var idi. Təvazökarlıqdan uzaq olsa da mən özümü qalib kimi görürdüm. Amma yenə də seçimlərə hörmətlə yanaşıram mənim üçün əsas iştirak idi.

- Uzun illər musiqi aləmindən kənarda qalmaq məcburiyyətində olmusunuz. Buna görə müqəssir "kim"lərdir?

- Təkcə insanlarla bağlı olmayıb bu sahədən kənarlaşmağım. Əsgərlikdən gələndən sonra düz 10-11 il musiqi sahəsindən uzaqlaşmışdım. Ölkə xaricində başqa ixtisasda təhsil aldım. Daha sonra ətrafım, dostlarım musiqiçi kimi məni görə bilmirdilər.

Bu sahə sənlik deyil deyib motivasiyadan salmağa çalışırdılar. Yaxşılığımı istəməyən, gözügötürməyənlər də uğursuz olacağımı deyirdilər. Amma sonunda özümdə güc tapıb deyilənlərə məhəl qoymadım. İntiqam müəllim çox sağ olsun ki, məni yarışma haqqında məlumatlandırdı və onun vasitəsilə qatıldım.

- Toy məclislərində iştirak edirsinizmi? Hansı məşhur ifaçılarla bir səhnəni bölüşmüsünüz?

- Hələki toy sahəsinə daxil olmamışam. Amma təbii ki, yaxın zamanlarda getməyi planlaşdırıram çünki bunun üçün səsim, repertuarlarım imkan verir. Demək olar ki, bütün janrlara müraciət edə bilirəm, muğam isə istisnadır.

O ki, qaldı müğənnilərə, çox əlaqəm yoxdur, düzü bəzi problemlərimə görə zamanım da olmayıb onlarla ünsiyyət yaratmağa. Hazırda ətrafımda olan ən yaxın bildiyim müğənnilər Pərvin Lətifov, İntiqam Kərimov və Ceyhun Bakinskidir. Əhatəmdə az və keyfiyyətli, bayağı olmayan ifaçıların olmasını daha çox tərcih edirəm.

- Kimləri bayağı ifaçı hesab edirsiniz ki?

- Ad çəkməyi heç sevmirəm, onsuz da elin gözü tərəzidir. Amma onlar bilməlidir ki, bu gün sevənləri çox olsa belə, sabah yaddaşlarda qalmayacaqlar. İnsanların düşüncə tərzi, zövqü daim dəyişir. Mən ümid edirəm ki, bayağı ifalara, ifaçılara maraq get-gedə azalacaq. Amma bunu da etiraf edim ki, bizim bayağı dediyimiz Üzeyir Mehdizadənin muğam ifa etdiyi videonu izləyəndə şoka düşmüşdüm. Bəlkə də onlar asana qaçaraq məşhurlaşmaq, qazanc əldə etmək istəyirlər.

- Hansı müğənniləri özünüz üçün nümunə, "kumir" kimi görürsünüz?

- Müslüm Maqomayev və onun kimi digər dünyəvi sənətçiləri özüm üçün nümunə hesab etmişəm. Hətta mənim repertuarımda onun ifası, bəstəkar mahnıları üstünlük təşkil edir. Mübariz Tağıyev də mənim ən sevdiklərimdəndir, onu hətta estradanın atası hesab edirəm.

- Səhnəsində yer aldığınız restoran və istirahət mərkəzlərində hansı problemlərlə üzləşmisiniz?

- Demək olar ki, problemi dinləyici deyil, daha çox müdiriyyət yaradır. Sənətə qiymət vermək onlar üçün demək olar ki, çətin məsələdir. Qonaqlar isə bəzən repertuarla bağlı problem yaratmağa çalışırlar, çünki zövqlər müxtəlifdir. Hər kəs bəstəkar mahnısına qulaq asmır. Lakin səhnə mənimdirsə, bayağı musiqidən söz gedə bilməz və əksər qonaq da bunu problem kimi görməyib. Eyni səhnəni bölüşdüyüm elə tanınmış müğənnilər olub ki, heç 1 qəpiklik səsləri belə yoxdur amma o daha çox qonarar alır. Bu da demotivasiya edən şeylər arasındadır.

- Başqa hansı səs müsabiqələrində iştirak etmək istəyirsiniz? Bunlar arasında hansı müsabiqələr var?

- Bir az maddiyyatla bağlı sıxıntılar olduğu üçün hələ addımlar ata bilmirəm. Amma "O ses Türkiye", hətta dünyamiqyaslı "Eurovision" yarışmasında belə iştirak etmək istəyərəm, niyə də yox. Çünki bu sahədə yaxşı mənada ad qoymaq, musiqi sahəsinə öz töhvələrimi vermək istəyirəm.

- Hansı məşhurla düet oxumaq, eyni səhnəni bölüşmək istəyirdiniz?

- Demək olar ki, ifamı eşidən 90% məşhur ifaçı səsimi yüksək dəyərləndirib. Nazpəri Dostalıyeva, Elza Seyidcahan yarışma boyu hər zaman xoş sözlərini əsirgəməyiblər. Amma düet ifa etmək istədiyim əksər ifaçı təəssüf ki, hazırda həyatda deyil.

Ağlımda hələlik ifaçı adı yoxdur. Amma sənətinə, şəxsiyyətinə hörmət etdiyim Gülyaz və Gülyanaq xanımla düet ortağı olmaq istəyərdim. Gülyaz xanımın oğlu Ramazanla hətta dostluq münasibətlərimiz var, bir səhnəni də bölüşmüşük. Deyə bilərəm ki, gitaranın mahir ifaçısıdır.

- Sonda dinləyicilərə nələri demək istərdiniz?

- Yenə də dediyim kimi, elin gözü tərəzidir. Onlar pisi yaxşıdan ayırmaqda çox mahirdirlər. İnanıram ki, keyfiyyətli musiqilərə, musiqiçilərə bundan sonra daha çox dəyər veriləcək.

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO