İfasını bəyəndiyim, özünü isə şəxsən tanımadığım müğənni Elnarənin evlərini, qızıllarını satıb doğulduğu Qobustanın Çüxanlı kəndinə çəkdirdiyi 12 bulağın açılışını etməsi xəbərindən dalağım elə sancdı ki, susa bilmədim. Əvvəl “Azərsu”x9ddan, dəyərli dostum Anar Cəbrayıllıdan soruşdum ki, daha hansı rayonda camaat susuzluqdan zillət çəkir, siyahını mənə versin, axtarım görüm həmin rayonlardan hansı müğənnini, artisti, oxuyan-çalanı, bir sözlə, mədəniyyət və incəsənət adamını tapıram ki, Elnarənin etdiklərini yadına salam. Çünki illərdi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı adlı bir buxovu salıblar məmləkət insanının gün-güzəranının boynuna, di gəl ki, insanlar bir çox yerdə nə içməyə su tapır, nə həyət-bacasını sulamağa. Mən heç başqa zəruri ehtiyacları sadalayıb hökumətimizin əhvalını pozmaq istəmirəm, yoxsa elə şeylər yazardım ki, dəymişləri duran yerdə kalları yerlə yeksan olardı...
Qərəz, Anardan səs-soraq çıxmadı, öz-özümə donquldandım ki, yəqin fikirləşib, ağrımayan başıma niyə dəsmal bağlayım. Mən də heç dərinə getmədim və üzdə olan şou-biznes əhlinin bərkgedən, hikkəsi yerə-göyə sıəğmayan, pulunu balta kəsməyən nümayəndələrinin doğulduğu, boya-başa çatdığı regionların, kəndlərin, qəsəbələrin axtarışına çıxdım. Maşallah, demək olar ki, Azərbaycanın bütün rayonlarından potensial olaraq Elnarə kimi səxavətli adam tapmaq olar. Amma onlara necə deyəsən ki, ay filankəs, qazandığın pulları klipə, mahnıya, daha nə bilim, hansı zir-zibilə səpələyincə Elnarədən nümunə götür, heç olmasa bir çarəsizin dadına-harayına çat, bir kimsəsizi sevindir, bir yetimin uşağının təhsil xərcin ödə, bir şəhid balasının toyunun ehtiyacların qarşıla. Xülasə, yaxşılıq etməyə ürək olsa, pul xərclənəcək yer o qədərdi ki, saymaqla qurtarmaz.
Amma mən bu milləti və onun çeşidli peşə sahibi olan nümayəndələrini hamıdan yaxşı tanıdığımdan adım kimi qəti bilirəm ki, Elnarənin davamçıları olmayacaq. Çünki kimin yaxasından yapışsan deyəcək ki, amandı, yaxamı burax, bədnəzərdən qorxuram. Bir səsli-küylü savab iş görsəm yaman gözlər məni elə atar ki, özüm ona-buna möhtac olaram. Nə deyəsən, heç qınamıram da belə cavab verənləri. Sizi ona da əmin edirəm ki, Elnarə kimi şou-biznes və ya abırlı formada ifadə etsək incəsənət cameəsinin gözəlçələri və kişi hesab olunan nümayəndələri ora-buralarında bədnəzər duası gəzdirir, həftə səkkiz mən doqquz milli falçılarımızın hüzuruna təşrif buyururlar. Odur ki, Elnarə hər halda yaxın onillikdə özünü dilə-dişə salan yeganə persona olaraq qalacaq.xa0
Yeri gəlmişkən, mən hələ qorxuram ki, Elnarə etdiyi bu savaba görə yaman gözə də gələ. Çünki bu məmləkətdə gerçəkdən gözə gəlmək ənənəsi var və bu yazını oxuyan hər kəsin mənimlə razılaşacağına da şübhəm yoxdur. Amma ümid edirəm ki, o işini tədbirli tutub və evlərini, qızıllarını satdığını iddia etsə də dara gün üçün tədarük etdiyi ev də var, qır-qızıl da, üstəlik bir yekə bədnəzər duasını da üstündə gəzdirir. Əgər bunu etməyibsə, tələssin, sonra etdiyinə peşman edəcəklər onu...



































































































