Qarabağda tarla seminarı keçirildi – FOTOLAR

Hazırda oxunan: Qarabağda tarla seminarı keçirildi – FOTOLAR

75511

İşğaldan azad olunmuş torpaqlarda ilk dəfə olaraq tarla seminarı keçirilib.

Bizim.Media-nın verdiyi məlumata görə, tarla seminarında AMEA-nın müxtəlif strukturlarına məxsus alimlər və elmi əmıkdaşlar iştirak edib.

“Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” adlı tədbirə qatılan fermer təsərrüfatı rəhbərləri, yerli icra strukturlarının nümayəndələri bölgənin bərəkətli torpağının yenidən istismar altına qayıtmasının verəcəyi xeyirdən danışıblar.

“Kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olan ölkələrdə vəziyyət gərgindir. Bunu və Azərbaycanın əkin sahələrinin işğaldan azad olunmuş ərazilər hesabına genişləndirilməsinin zəruriliyini nəzərə alaraq yaxın illərdə daxili imkanlarımız hesabına problemin həllinə nail olacağımızı əminliklə deyə bilərik”. 
Bu fikriləri isə AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, professor Zeynal Əkbərov deyib. Qarabağ ərazisində təsərrüfatın genişləndirilməsi və taxıla olan tələbatın ödənilməsində Qarabağ Elmi-Tədqiqat Bazası əhəmiyyətli rolunu vurğulayan direktor qeyd edib ki, baza 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərir və 1989-cu ildə erməni işğalına qədər 1700 ha-a qədər əraziyə malik olub:

“Qarabağ Elmi-Tədqiqat Bazasında vaxtilə bitki genefondunun 200 mindən artıq nümunəsi, dənli bitkilərin 20 mindən artıq dünya və yerli kolleksiya nümunələri, 20 mindən artıq nadir, təkraredilməz cinslərarası, növlərarası və təbii hibridlər, Azərbaycanın yerli camış cinsləri ilə Hindistan mənşəli yüksək məhsuldar “Murrah” camışlarının mayalanmasından alınan hibrid mələzlər, eləcə də 200 baş cins mal-qara, 500 baş cins qoyun, 3000 baş quş, 500 sort meyvə və subtropik bitkinin, 200 üzüm sortunun genefond bağları və çox qiymətli seleksiya materialları olub”.

Professorun sözlərinə görə qələbə ilə başa çatan II Qarabağ müharibəsindən sonra bazaya 2021-ci ilin oktyabr ayında yenidən qayıdış edilib və fəaliyyətini tamailə bərpa edib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, professor İbrahim Əzizov isə qeyd edib ki,  respublikamızın müxtəlif ekoloji şəraitlərində yetişə bilən və yüksək məhsuldarlığa malik, quraqlığa, şoranlığa davamlı qida sortları yaradılmalıdır:

“Bu istiqamətdə həm seleksiya, həm də müasir gen mühəndisliyi üsullarından istifadə olunmalıdır. Həmçinin akademik Cəlal Əliyevin rəhbərliyi ilə alınmış sortların çarpazlaşdırılmasından əldə olunan növlər Bazaya təqdim olunmalıdır. Seminar çərçivəsində özüm də bu sortlara baxış keçirəcəyəm”. 

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov rayonun 32000 hektardan çox əkinə yararlı torpaq sahəsi olduğunu önə çəkib.
O, həmin ərazilərin suvarılmasında burada qazılmış 600-ə yaxın subartezian quyusundan istifadə edildiyini bildirib. 

Digər iştirakçılar isə tezliklə ölkənin taxıl ehtiyatına Qarabağın böyük təhfə verəcəyinə inandıqlarını bildiriblər, bu istiqamətdə görülən işlərdən danışıblar.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO