Azərbaycan-Qırğızıstan ticarət dövriyyəsində kəskin ARTIM

Azərbaycan-Qırğızıstan ticarət dövriyyəsində kəskin ARTIM

Hazırda oxunan: Azərbaycan-Qırğızıstan ticarət dövriyyəsində kəskin ARTIM

641945

“Son 5 ildə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 8.5 dəfə artaraq 77.2 milyon dollaradək yüksəlib”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan və Qırğızıstan arasında bir neçə sazişin təsdiq edilməsi barədə qanun layihələrinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışında ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin inkişafına diqqəti çəkmişdi:

 

"2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi isə 1 milyard 765 milyon dolları keçib. Bu əvvəlki ilə nisbətən 50 faizdən çox artım deməkdir. Belə ki, 2024-cü ildə ümumi ticarət dövriyyəsi 1 milyard 152 milyon dollar olmuşdur. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da gücləndiyi istiqamətlərdən biri də beynəlxalq yükdaşımalar sahəsidir. Belə ki, Orta Dəhliz vasitəsi ilə region üzərindən daşınan yüklərin həcmi bu ilin ilk səkkiz ayında 20 faiz artıb. Bu qardaş Türk dövlətlərinin valyuta gəlirlərinin artmasına imkan yaradır".

 

Deputat bildirib ki, oktyabrın 15-də Bakıda Qırğızstanın da üzv olduğu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı keçiriləcək:

"Azərbaycan bu əməkdaşlıq platformasına 2024-cü ildən bəri sədrlik edir. 28 dövlətin təmsil olunduğu bu paltformada 10 ölkə müşahidəçi statusu ilə təmsil olunur. Platformaya üzv olan dövlət qlobal ümumi daxil məhsulun 40 faizini formalaşdırırlar. Deməli, söhbət 47 trilyon dollardan çox iqtisadiyyatı olan platformanın Zirvə toplantısının Azərbaycanda keçirilməsindən gedir.

Bununla yanaşı, ABŞ və Yaponiya kimi qlobal güclər də AQEM-də müşahidəçi statusu ilə təmsil olunurlar. Bu baxımdan, bütövlükdə daha böyük iqtisadi gücdən söhbət gedir. Azərbaycanın AQEM-ə üzv olan dövlətlər ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi daha da prioritetləşməkdədir. Prezident İlham Əliyev və Kambocanın Baş nazirinin mətbuata bəyanatlarında da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərimizin daha yaxından tanıdılması, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməsi əsas tərəfdaşlıq istiqamətləri sırasındadır".

Milli Məclisin üzvü vurğulayıb ki, yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib:

"Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Asiya dövlətləri ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Uğurlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirməkdədir. Bu isə yeni regional düzən deməkdir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO