Bu ilin iyul ayında Azərbaycan avtomobil bazarında elan qiymətlərinin medianı 17 min manat təşkil edib. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatına görə, bu, iyun ayı ilə müqayisədə 900 manat və ya 5 faizlik azalma deməkdir.
Lakin ilk baxışda avtomobillərin ucuzlaşması təsiri yaradan bu göstərici bazardakı real qiymət dinamikasını tam əks etdirmir. AQP-nin təhlilinə görə, iyul ayında median qiymətin aşağı düşməsinin əsas səbəbi avtomobillərin qiymətinin kütləvi şəkildə ucuzlaşması deyil, bazara çıxarılan avtomobillərin strukturunun dəyişməsi olub.
Belə ki, ümumi təklifdə daha aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium modellərin payı isə azalıb.
Sabit struktur üzrə hesablamalar da bunu təsdiqləyir. Marka və modellərin bazardakı çəkisi dəyişməz saxlanıldıqda indeks 103,1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103,3 təşkil edib. AQP bu göstəricilərə əsasən real qiymət dəyişməsinin cəmi 0,2–0,4 faiz civarında olduğunu bildirir.
Beləliklə, 17 min manatlıq median qiymət avtomobil bazarında kəskin ucuzlaşma baş verdiyini göstərmir.
Bəs bazarda aşağı və orta qiymətli avtomobillərin payının artmasına səbəb nədir? Hazırda Azərbaycanda avtomobil bazarında tələb daha çox hansı qiymət seqmentinə yönəlib?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bunun bir səbəbi hibrid və elektromobillərin idxalının əlavə dəyər vergisinə cəlb olunmasıdır:
“Ölkəmizə idxal olunan yeni hibrid və elektromobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunma güzəştinin müddəti bitib və indi belə nəqliyyat vasitələri ölkəyə gətirilərkən satılanda ƏDV üzərinə gəlməklə satılır. Bu da qiymətin yüksəlməsinə gətirib çıxarır və alıcıları belə maşınları almaqdan çəkindirir.
İndi avtomobil bazarında köhnə avtomobillərə də maraq artıb. Hansı ki bu bizim ölkə olaraq ümumi gələcək strategiyamızın əleyhinədir. Çünki biz çalışırıq ki, ölkəmizin avtomobil parkı yenilənsin, ekoloji cəhətdən təmzi nəqliyyat vasitələrinə üstünlük verilsin. Bu dörd il ərzində buna nail olunmuşdu. Təəssüf ki, güzəştlərin vaxtının bitməsi ilə yenidən insanlar köhnə maşın almağa daha çox meyillənirlər”.
O hesab edir ki, avtomobillərə tələbatın azalmasına təsir edən digər amil isə yay fəslidir:
“Mövsümü də qeyd etmək laızmdır. Yayın ortasında adətən, avtomobillərə olan tələb azalır. Tələb sentyabr-oktybar aylarında artacaq. Tələb artdıqda isə maşınların qiyməti təxminən 5% civarında yüksələcək”.
Ekspert ümumilikdə avtomobil bazarına xaricdən, əsasən də Çindən gətirilən qeyri-rəsmi avtomobillərin mənfi təsir etdiyini vurğulayıb:
“Yəni bu avtomobillərin zavod zəmanəti yoxdur, yeni avtomobil olsa da istehsalçı zəmanət verməyib. Onları Çindən köhnə avtomobil kimi müəyyən rüsumlardan azad olma ilə çıxarırlar, Azərbaycan kimi postsovet ölkələrinə gətirib yeni avtomobil adı ilə satırlar və çox ucuz qiymətə təklif edirlər. Ona görə də burada rəsmi nümayəndəlik, rəsmi diller istehsalçıya bağlı olan şirkətlər avtomobil satmaqda çətinlik çəkirlər.
Təsəvvür edin ki, 50 nəfər işçisi olan bir şirkət hər hansı avtomobili satır, amma bir nəfər özü gedib Çindən avtomobil gətirir və heç bir rüsum, vergi ödəmədən satır. O, vergi ödəmədən qazanır. Amma vergi ödəyicisi olan şirkət isə sata bilmir. Bu tendensiya ümumilikdə avtomobil bazarına, avtomobil alqı-satqısı ilə məşğul olanlara, rəsmi dillerlərə də çox böyük ziyan vurur”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:00 / 02.09.2026
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bahalaşma OLACAQ
Hazırda oxunan: Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bahalaşma OLACAQ
Hazırda oxunan: Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bahalaşma OLACAQ
634242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































