Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Tarixi rekord QIRILA BİLƏR

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Tarixi rekord QIRILA BİLƏR

Hazırda oxunan: Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ – Tarixi rekord QIRILA BİLƏR

627023

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq edib. Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria məlumat yayıb.

"Husilər" "mühasirəyə qarşı mühasirə" prinsipinə uyğun olaraq, Səudiyyə Ərəbistanı üçün dəniz gəmiçiliyini qadağan edir. Bu qərar bəyanatın elan edildiyi andan qüvvəyə minir", - o bildirib.

Bəyanatda hərəkatın Ər-Riyadın hərəkətlərinə cavab olaraq hərtərəfli eskalasiya hüququnu özündə saxladığı vurğulanır:

"Silahlı qüvvələr hadisələrin inkişafının bütün variantlarına tam hazır olduğunu təsdiqləyir. Səudiyyə Ərəbistanının eskalasiya yolu ilə atacağı istənilən təxribatçı addıma biz sərt cavab verəcəyik".

Təsadüfi deyil ki, Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" hərəkatının husi qüvvələri Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə zərbə endirdiklərini bəyan ediblər. Husilər, həmçinin təxminən 10 gəmini marşrutunu dəyişməyə məcbur etdiklərini bildiriblər.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) isə bildirib ki, tanker Səudiyyə Ərəbistanının Əl-Şuqayk şəhərindən 70 dəniz mili cənub-qərbdə naməlum mərmi ilə hücuma məruz qalıb.

"Tankerin kapitanı naməlum mərminin gəmiyə dəydiyini bildirib. Nəticədə gəmidə yanğın baş verib və ekipaj hazırda alovun söndürülməsi istiqamətində iş aparır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi Səudiyyə Ərəbistanının dənizə çıxışı bloklansa, o zaman birjalarda neftin bir barrelinin qiymətinin 200 dollara qədər bahalaşa biləcəyini yazmışdı

Bu ehtimal reallaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, Səudiyyə Ərəbistanının dünyanın neft bazarında xüsusi payı var:

“Ona görə də Yəmənin ideyası gerçəkləşərsə, o zaman neftin qiyməti kəskin bahalaşa bilər. Tək bir faktı deyim ki, Fars körfəzi ilə bağlı istənilən informasiya qlobal bazarda neftin qiymətinə təsir edir. Bu da təsadüfi deyil. Çünki qlobal bazarın ehtiyaclarının ən azı 20 faizi Hörmuz boğazından keçir.

Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq edilsə, o zaman neft birjalarında ciddi təlatümlər ola bilər. Nəzərə alaq ki, Yaxın Şərqdə baş verənlər son aylarda neftin qiymətini ən azı 2 dəfə bahalaşdırdı.

Bu dəfə proseslər daha neqativ istiqamətdə inkişaf etsə, o zaman neftin qiyməti rekord səviyyədə bahalaşa bilər.

Məsələn, Səudiyyə Ərəbistanının dəniz çıxışı bloklansa və bu proses uzun müddətli olsa o zaman neftin qiymətində impulsiv sıçrayışlar qaçılmaz olacaq. Qiymət artımının 200 dolları keçəcəyini deməksə, bir qədər çətindir. Çünki bazarda qiymətləri tələblə təklif müəyyən edir. Amma aldadıcı alətlər də bazara təsir edə bilir. Məhz bu alətlər hesabına neftin bir barrelinin qiyməti 200 dollardan da yuxarı qalxa bilər. Bu qiymət sıçrayışı dayanıqlı olsa, o zaman qlobal bazarda çox böyük təlatümlər ola bilər.

Lakin proseslər əks istiqamətdə də inkişaf edə bilər.

Belə olan halda neftin qiyməti rekord səviyyədə ucuzlaşar. Çox təssüf ki, beynəlxalq birjalar aldadıcı alətlərə qarşı çox həssasdır və belə proseslərdən çox tez təsirlənir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO