2026-cı ilin yanvar-may aylarında Azərbaycan 80,7 min ton mühərrik benzini idxal edib ki, bunun dəyəri 72,3 milyon ABŞ dolları təşkil edib.
Hesablamalara görə, 2026-cı ilin ilk beş ayında idxal edilən benzinin orta qiyməti hər ton üzrə təxminən 896 ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövründəki 487 ABŞ dolları ilə müqayisədə 84% yüksəkdir.
Eyni zamanda, Aİ-95 premium benzinin idxalı artıb.
Hesabat dövründə bu markadan 75,7 min ton idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çoxdur. İdxalın dəyəri isə 47,1 milyon dollardan 67,9 milyon dollara yüksələrək 43,9% artıb. Bu məhsul üzrə orta idxal qiyməti bir il əvvəlki 844 dollardan 897 dollara yüksəlib. Yəni bu il (1 ton=1 333 litr) təqribən Aİ-95-in hər litr üçün orta qiyməti 1.14 manat ətrafındadır.
Super premium və ya Aİ-98 və daha yüksək oktanlı benzinin idxalı da artım nümayiş etdirib.
Bu kateqoriya üzrə idxal 19,3% artaraq 876,9 tondan 1 045,9 tona çatıb, dəyəri isə 22,6% artaraq 1,08 milyon dollardan 1,32 milyon dollara yüksəlib. Orta qiymət isə 1 226 dollardan 1 260 dollar səviyyəsinə yüksəlib.
Bu artımlar benzinin satış qiymətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, neft bahalaşdıqca təbii olaraq hazır məhsulun da qiyməti artır:
“Əgər dünya bazarlarında neftin qiyməti 100 dolları ötərsə və dayanıqlı şəkildə qalarsa, o zaman mütləq şəkildə hazır məhsulların qiymətində bahalaşma baş verəcək. Nəticədə idxal etdiyimiz benzinin qiyməti də artacaq.
Əlbəttə ki, hökumət bu istiqamət üzrə dotasiya ayırmasa sözügedən ssenari reallaşacaq. Nəzərə alaq ki, premium benzinin ölkəmizdə istehsalı üçün işlər aparılır. Bu proses başa çatana qədər dövlət idxal benzininin qiymətini nəzarətdə saxlaya bilər”.
Surxay Atakişiyev, Bizim.Media






































































































