Yaxın Şərqdə gedən müharibə, xüsusən də Hörmüz boğazında keçid üçün yaranan maneələr neftin qiymətinin kəskin bahalaşmasına səbəb olub.
Dubay xam neftinin qiyməti 153,25 dollara qədər yüksəlib. Brent markalı neftin qiyməti isə 103 dollara çatıb.
Qeyd edək ki, neftin qiymətinin bahalaşması Azərbaycanın gəlirlərinin artması anlamına gəlir. Bu da öz növbəsində manatın möhkəmlənməsi deməkdir.
Neftin qiymətindəki artım görəsən manatın məzənnəsinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, “qara qızıl”ın bahalaşmasına rəğmən manatın məzənnəsi mövcud səviyyədə qalacaq:
“Neftin qiymətinin bahalaşması Azərbaycanın gəlirlərinin artması deməkdir. Bu da o deməkdir ki, ölkəmizə daha çox kapital daxil olur. Bu da idxal-ixrac əməliyyatındakı müsbət saldo anlamına gəlir. Adətən belə bir fon milli valyutanın da möhkəmlənməsinə şərait yaradır. Mövcud vəziyyətdə manatın möhkəmlənməsi prosesi gedir. İqtisadiyyat möhkəmlənir, gəlirlərimiz, ehtiyatlarımız çoxalır. Manatın məzənnəsi isə inzibati qaydada tənzimlənir”.
Ekspertin sözlərinə görə, manatın mövcud vəziyyəti ən optimal səviyyədir:
“Müvafiq qurumların manatın mövqeyinin möhkəmlənməsinə gedəcəyini düşünmürəm. Çünki mövcud məzənnə ən optimal səviyyədir. Məzənnənin mövcud formatda qalacaq”.
Rüfət Sultan, Bizim.Media































































































