“Neft sektorunun iqtisadiyyatda payının azalması və bunun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 faiz təşkil etməsi, cari ilin sonuna 3 faiz gözlənilməsi və növbəti il üçün 2,9 faiz proqnozlaşdırılması bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı iqtisadi patologiyadır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında "2026-cı ilin büdcə zərfi"nin müzakirəsi zamanı deyib.
“2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə, demək olar ki, eyni səviyyədə proqnozlaşdırılan iqtisadi artım sənayenin strukturundakı dəyişikliklərdir. Bu, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir. Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini də aşağı sala bilir.
Görəsən, iqtisadiyyatın, sənayenin strukturundakı yeniləşmə, neft hasilatının geoloji və texnoloji xüsusiyyətindən irəli gələn azalma meyilləri nə vaxtdan iqtisadi tənəzzül və ya durğunluq hesab edilir?!”- deyə o qeyd edib.
Günay Şahmar, Bizim.Media































































































