Azərbaycan Ermənistan iqtisadiyyatını necə dirçəldə bilər? - İNVESTİSİYALAR iki dəfə artacaq

Hazırda oxunan: Azərbaycan Ermənistan iqtisadiyyatını necə dirçəldə bilər? - İNVESTİSİYALAR iki dəfə artacaq

55919

Ermənistan iqtisadiyyatında, xüsusilə də, son dönəmlərdə ciddi şəkildə sezilən dalğanmalar ölkənin gələcəyi ilə bağlı müəyyən suallar doğurur.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda qarşıdakı illərdə iqtisadiyyatın artım tempi gözləniləndən daha artıq olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda işğal siyasəti niyə çökdü? – Erməni analitik səbəbini açıqladı


Lakin müqayisə üçün seçilən rəqəmlər kimi 2020-21-ci illərin statistik göstəriciləri əsas götürülüb.

Bu isə real artımın proqnozlaşdırılması nəticəsində ortaya çıxan rəqəmlərin doğruluğunu şübhə altında qoyur. Ələxsus da, Ermənistan üçün faciəvi olan 2020-ci ilin statistik göstəricilərinə nəzər saldıqda müqayisənin nə qədər uğursuz olduğunu sezmək mümkündür.

Belə ki, Ermənistan hökumətinin rəsmi açıqlamasına görə, 2020-ci ildə inflyasiya göstəricisinə görə, Ermənistan 7,5%-lə MDB məkanında ilk pillədə qərarlaşıb. Lakin erməni iqtisadçılar rəqəmlərin manipulyasiya olunduğunu və real inflyasiyanın 12-13% həddində olduğunu bildirirlər.

Bunun səbəblərini isə aşağıdakı kimi sıralaya bilərik:

1. Pandemiyanın bütün dünyada olduğu kimi, Ermənistanda da ciddi nəticələrlə yadda qalması;

2. 44 günlük müharibədəki ağır məğlubiyyətin ölkəyə vurduğu zərər;

3. 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərin yeraltı və yerüstü sərvətlərinin əldən çıxması;

4. Ölkə daxilində siyasi çaxnaşamlar və qeyri-müəyyənlik, eyni zamanda təhlükəsizliyin aşağı səviyyədə olması səbəbindən, ölkəyə yönələn xarici investisiyaların ciddi şəkildə azalması.

Sirr deyildi ki, Ermənistan iqtisadiyyatı Qarabağda fəaliyyət göstərən qondarma rejimlə balanslı şəkildə fəaliyyət göstərirdi.

Xüsusilə də, ölkənin ərzaq təhlükəsizliyi birbaşa olaraq, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun potensialından asılı vəziyyətdə idi. Belə ki, Ermənistanın illik taxıl tələbatının həcmi 200 min ton idisə, bu rəqəmin demək olar ki yarısı, daha dəqiq rəqəmlərə 90 min tonu işğal altında olan ərazilərimiz hesabına ödənilirdi.
 

Qarabağın dağ-mədən sənayesi, faydalı qazıntı yataqları, elektroenergetika resursları da Ermənistan iqtisadiyyatında əvəzsiz rola sahib idi. Bu isə investisiyalarda da bariz şəkildə özünü büruzə verirdi.


Ona görə ki, Ermənistan iqtisadiyyatına yatırım adı altında gələn vəsaitlərin əksəriyyəti məhz işğal altında olan ərazilərimizdə yerləşən faydalı qazıntı yataqlarına yönəldilirdi.

Belə ki, Vejnəli, Qızılbulaq və Dəmirli kəndlərində yerləşən qızıl yataqları İsveçrənin “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” tərəfindən istismar olunub. Hesablamalara görə, rejimin ixracının 60%-i, ümumi gəlirlərinin 32%-i məhz bu şirkət tərəfindən təmin olunurdu. Bundan əlavə, işğal dönəmində Qarabağda təbii sərvətlərimizi talan edən digər şirkətləri də nəzərə alsaq, Ermənistan iqtisadiyyatının Azərbaycan ərazilərindən hansı səviyyədə asılı olduğunu aydın şəkildə görə bilərik.

İndi isə Ermənistan üçün vəziyyət köklü şəkildə dəyişib. Çünki Qarabağ münaqişəsinin öz həllini tapması ilə ölkə iqtisadiyyatı üçün geniş imkanlar yaranıb.

Məlumdur ki, iri şirkətlər hər hansı ölkəyə investisiya ayırmaq üçün, ilk növbədə həmin ölkənin təhlükəsizliyini və iqtisadi potensialını nəzərə alırlar. Münaqişənin başa çatması isə, investorların Ermənistana diqqətini müəyyən qədər artıra bilər. 

Təsadüfi deyil ki, iqtisadçı Armen Ktoyan önümüzdəki illərdə Ermənistan iqtisadiyyatına yönəldilməsi gözlənilən investisiyaların artım tempindən danışarkən, buna əsas səbəb kimi keçmiş risklərin azalmasını göstərmişdi.

İqtisadi potensialın artması isə, rəsmi İrəvanın bundan sonrakı siyasəti ilə sıx bağlı olacaq. Doğrudur, Ermənistanı “ölü zona”dan çıxararaq, dünya logistik xətlərinin bir halqasına çevirəcək Zəngəzurdan keçəcək dəmir yolu ilə bağlı artıq razılaşma əldə olunub və bu, bütün Avropanın gözü qarşısında Brüsseldə elan edilib.
 

Avtomobil yolu ilə bağlı da razılıq artıq mövcuddur. Belə olan halda, Ermənistanın iqtisadi potensialının artması ehtimalları da xeyli yüksəlir.


Lakin nəzərdən qaçırmaq olmaz ki, Ermənistanın qonşu ölkələrlə iqtisadi əlaqələri arzuolunan səviyyədə deyil.

Belə ki, erməni iqtisadçı Armen Ktoyanın açıqlamasına görə, İran və Rusiyadan gələn investisiyalar 2020-ci ildən öncəki göstəricilərə çatıb. Lakin erməni siyasətçi Kiro Manoyanın da qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə ilə tərəfdaşlığın Gürcüstan iqtisadiyyatına qazandırdıqları kimi, normallaşma prosesi Ermənistan üçün də oxşar faydanı gətirə bilər. Həm də Azərbaycanla əlaqələr normallaşarsa, Ermənistan bütün istiqamətlərə çıxış əldə etməklə, beynəlxalq layihələrin iştirakçısına çevrilə bilər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO