Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən NECƏ YAYINIR? - Anar Bayramovdan AÇIQLAMA

Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən NECƏ YAYINIR? - Anar Bayramovdan AÇIQLAMA

Hazırda oxunan: Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən NECƏ YAYINIR? - Anar Bayramovdan AÇIQLAMA

271259

Azərbaycanda vergi sistemində şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılsa da, hələ də bəzi sahələrdə boşluqlar qalmaqdadır. Onlardan biri də hüquqi şəxslərin balansında olan nəqliyyat vasitələrinin əmlak vergisinə tam cəlb olunmaması məsələsidir.

Bizim.Media-nın araşdırmasına görə, hazırda ölkəmizdə minlərlə hüquqi şəxsin balansında müxtəlif nəqliyyat vasitələri mövcuddur.
 

MÖVZU İLƏ BAĞLI:

 “Bu məqamları gözardı etsəniz, külli miqdarda cərimələnə bilərsiniz!” - Anar Bayramov


Sözügedən avtomobillərin əksəriyyəti faktiki olaraq istifadə olunur. Lakin onlardan istifadəyə görə hüquqi şəxslərdən əmlak vergisi alınmır.

Bəs, buna səbəb nədir?

İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov Bizim.Media-ya açıqlamasında sözügedən vəziyyətin yaranmasının əsas səbəblərini qeyd etdi:

“İlk növbədə məlumat bazalarının inteqrasiya olunmaması həmin avtomobillərə görə əmlak vergisinin alınmamasına səbəb olur. Belə ki, Dövlət Yol Polisi (DYP) sistemində olan avtomobil qeydiyyatı və alqı-satqı əməliyyatları Dövlət Vergi Xidmətinin vahid informasiya sisteminə inteqrasiya olunmayıb.

Digər vacib məqam isə şəffaflığın az olmasıdır. Yəni, Vergi Xidməti yalnız təqdim edilən balans və hesabatlar əsasında informasiya əldə edir. Əgər hüquqi şəxs əsas vəsaitlərin alınmasını Vergi hesabatlarında (balansda) göstərmirsə, vergi orqanları bu avtomobildən xəbərsiz qalır.

Bu isə ciddi maliyyə itkisi deməkdir. Sözügedən tendensiya nəticəsində dövlət büdcəsi hər il milyonlarla manat həcmində əmlak vergisindən məhrum olur”.

Daşınmaz əmlakda vergi alınır, avtomobillərdən isə...

Anar Bayramov bildirdi ki, son illərdə aparılan islahatlar nəticəsində Dövlət Vergi Xidməti  və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilib:

“Bu daşınmaz əmlakın uçotu və vergiyə cəlb olunması sahəsində mühüm irəliləyişlərə səbəb olub. Artıq daşınmaz əmlak obyektlərinin ünvanı, sahəsi və kadastr dəyəri Vergi Xidmətinə tam inteqrasiya olunmuş şəkildə görünür və bu, əmlak vergisinin səmərəli tətbiqinə imkan yaradır.

Lakin daşınar əmlak – yəni nəqliyyat vasitələri üzrə belə inteqrasiya mövcud deyil. Dövlət Yol Polisi tərəfindən aparılan qeydiyyat və alqı-satqı əməliyyatları ilə bağlı məlumat bazaları Vergi Xidməti ilə vahid elektron sistemdə birləşdirilmədiyi üçün hüquqi şəxslərin balansında olan avtomobillər çox zaman vergitutma bazasına daxil edilmir”.

Problemin həlli hansı müsbət dəyişikliklərə səbəb olacaq?

Müsahibimiz əlavə etdi ki, hüquqi şəxslər bəzi hallarda bu boşluqdan sui-istifadə edərək avtomobilləri balansdan kənarda saxlayır:
 

“Digər hallarda isə sadəcə uçotun düzgün aparılmaması səbəbindən vergidən yayınma qeyri-iradi xarakter daşıyır. Bu isə qanuni iş görən sahibkarla vergidən yayınan sahibkar arasında ədalətsizlik yaradır.


Bu sahədə şəffaflığın təmin edilməsi dövlət büdcəsinə əlavə illik milyonlarla gəlir gətirməklə yanaşı, rəqabət mühitini də sağlamlaşdıracaq. Eyni zamanda, sahibkarların üzərinə əlavə yük qoymadan, vahid informasiya mərkəzi vasitəsilə ədalətli vergiqoyma sistemi formalaşacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO