Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-da inflyasiya artmağa başlayıb. Belə ki, ötən aydan ABŞ-a idxal olunan məhsullara yeni tətbiq olunun vergi və gömrük rüsumları daxili bazarda qiymətləri 30-40 faiz bahalaşdırıb.
İnfilyasiyadan və bahalaşmadan narahatlıq keçirən amerikalılarsa artıq Trampa qarşı etiraz səslərini ucaldırlar. Artıq hər gün Konqresin və Ağ Evin qarşısında etiraz mitinqləri keçirilir.
Federal Ehtiyat Sistemi (FED) rəsmiləri son günlər Tramp administrasiyasının siyasətinin aydınlaşmasını gözləməyin faiz dərəcələrinin yenidən azaldılması barədə qərara nə dərəcədə təsir edəcəyi barədə fərqli fikirlər səsləndiriblər.
Baş verənlər fonunda dolların zəifləməsi ehtimalı da gündəmə gəlib.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, dolların zəifləməsinin Azərbaycan üçün ciddi fəsadları olmayacaq:
“Öncə onu deyim ki, Trampın dövründə dolların zəifləyəcəyi, inflyasiyaya uğrayacağı ilə razı deyiləm. Bu cür proqnozlar əsasən Çinlə bağlı olaraq yaranır. Düzdür, Tramp populist bəyanatlarla çıxış edir. Lakin bu populist bəyanatların heç də hamısı reallaşmır. Tramp öz imicinə uyğun olaraq çılğın bəyanatlar verir, amma həmin bəyanatlar da reallaşmır.
Onun son dövrlər verdiyi bəyanatlardan yalnız Çinlə ticarət məsələsi bir qədər reallaşıb. Lakin onlar da tezliklə razılığa gələcəklər. Çünki Tramp biznesmendir, hər şeyi dəyərlə ölçür. Bir neçə aydan sonra zərərləri hesablayıb, Pekinlə dil tapmağa çalışacaq”.
A.Nəsirli qeyd edir ki, dolların inflyasiyaya uğraması baş verəcəksə, Azərbaycanda Mərkəzi Bankın valyuta ehtiyatlarındakı dollar payı da inflyasiyaya uğrayacaq:
“Yəni bu fonda Azərbaycanın itirə biləcəyi Mərkəzi Bankın valyuta ehtiyatları olacaq. Digər tərəfdən isə, ölkəmizə idxal edilən məhsulların qiyməti bahalaşa bilər. Çünki dünya bazarında ticarətin mütləq əksəriyyəti dollarla həyata keçdiyindən, onun inflyasiyaya uğraması ilə, idxal məhsulların qiyməti də bir qədər baha başa gələcək”.
Manatı nə gözləyir?
Ekspertin fikrincə, inflyasiya artarsa, ölkə daxilində dollara tələbat da yüksələcək:
“Yəni Mərkəzi Bankın hərraca çıxardığı valyutanın həcmi aybaay genişlənəcək. Ümumilikdə isə dolların inflyasiyaya uğramasının Azərbaycana ciddi fəsadları olmayacaq. Bu vəziyyət o halda ciddi fəsad verə bilər ki, dünya bazarında neft və qazın da qiyməti ucuzlaşsın. Belə olarsa, ölkənin valyuta ehtiyatları əriyə bilər. Nəticədə hökumət dayanıqlığı saxlamaq üçün növbəti devalvasiyaya getməli olar. Hazırda isə, neftin qiyməti sabitdir. Bu da Azərbaycanda sabitliyi təmin edən şərait deməkdir”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:40 / 20.02.2025
Dollarla bağlı mühüm PROQNOZ – Manat UCUZLAŞACAQ?
Hazırda oxunan: Dollarla bağlı mühüm PROQNOZ – Manat UCUZLAŞACAQ?
Hazırda oxunan: Dollarla bağlı mühüm PROQNOZ – Manat UCUZLAŞACAQ?
235679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.