2024-cü ildə son illərdə ilk dəfə olaraq Azərbaycana avtomobil ehtiyat hissələrinin idxalında azalma qeydə alınıb.
Nəzərə alaq ki, ölkəmizə 2023-cü ildə 386 milyon dollar dəyərində ehtiyat hissəsi idxal edilməklə rekord nəticə əldə edilmişdi. Amma 2024-cü il rekord yenilənməyib, əksinə idxal həcmi azalıb. 2024-cü ildə idxalın dəyəri 37 milyon dollar azalaraq 349 milyon dollar olub.
MÖVZU İLƏ BAĞLI:
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir
Xatırladaq ki, əvvəlki illərdə ehtiyat hissələrinin idxalında sürətli artım müşahidə edilirdi. 2017-ci ildə 84 milyon dollarlıq ehtiyat hissəsi idxal edildiyi halda, 2019-cu ildə 133 milyon dollarlıq, 2021-ci ildə 230 milyon dollarlıq, 2022-ci ildə isə 309 milyon dollarlıq ehtiyat hissəsi idxal edilmişdi. 2023-cü ilin nəticəsi də nəzərə alınarsa, ölkəmizin avtomobil ehtiyat hissələrinin idxalına çəkilən xərc 7 ildə 4,63 dəfə artmışdı.
Bəs ehtiyat hissələrinin idxalının 10 faiz azalmasının səbəbi nədir?
Suala nəqliyyat üzrə ekspert Yasin Mustafa aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, avtomobil bazarında aparılan islahatlar sözsüz ki, qiymətlərə öz təsirini göstərir:
“Tədricən həm avtomobil bazarı yenilənir, həm də taksi fəaliyyətində şərtlər ciddiləşir. Bu da avtomobil bazarına yeni reallıqlar gətirir. Belə ki, köhnə avtomobilə maraq təbii yolla azalır. Təbii ki, köhnə avtomobillərin idxalı azaldıqca ehtiyat hissələrinə tələbat da azalır.
Hazırda bütün dünyada olduğu kimi ölkəmiz də hibrid və elektomobillərə keçid dövrü yaşayır. Vətəndaşlar artıq 30-40 min manata köhnə avtomobillərdənsə həmin qiymətə yeni elektromobil və hibrid avtomobil əldə etməyə üstünlük verirlər. Ona görə də köhnə-daxiliyanma mühərrikli avtomobillər tədricən arxa plana keçir.
Təsadüfi deyil ki, köhnə avtomobillərin satışı da kəskin aşağı düşüb.
Məlumdur ki, yeni avtomobillər ən azı 4-5 il texniki qulluq tələb etmir. Bununla paralel olaraq, Azərbaycan bazarına nisbətən əlçatan qiymətə yeni avtomobillərin daxil olması vətəndaşları bir müddət texniki qulluq qayğılarından azad edir. Nəzərə alaq ki, hibrid və elektromobillərdə ehtiyat hissələri də nisbətən azdır. Məsələn, daxili yanma mühərrikli avtomobillərin mühərrikində yüzlərlə ehtiyat hissəsi var. Amma elektromobillərin çox sadə mühərriki var. Üstəlik, istehsalçı mühərrikə uzunmüddətli təminat verir.
Təkcə bu fakt avtomobil sahiblərini yüzlərlə ehtiyat hissəsindən qurtarmış olur. Ona görə də ehtiyat hissələrinin idxalının azalması normaldır. Yaxın illərdə də biz bu prosesin davamını görəcəyik”.
Surxay Atakişiyev, Bizim.Media