Qiymət bahalaşdı, taksilər də yoxa çıxdı... – Bəs keyfiyyət və əlçatanlıq niyə TƏMİN EDİLMİR?

Qiymət bahalaşdı, taksilər də yoxa çıxdı... – Bəs keyfiyyət və əlçatanlıq niyə TƏMİN EDİLMİR?

Hazırda oxunan: Qiymət bahalaşdı, taksilər də yoxa çıxdı... – Bəs keyfiyyət və əlçatanlıq niyə TƏMİN EDİLMİR?

196626

İyul ayının birindən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir. Yaxın gələcəkdə taksi sürücülərinin hazırlığını da Dövlət İmtahan Mərkəzi qiymətləndirəcək. Taksi fəaliyyəti ilə məşğul olan və olmaq istəyən sürücülər həm özləri, həm də sürdükləri avtomobilləri bütün tələblərə cavab verməlidir. Əks halda yeni qaydalara cavab verməyənlər özlərinə başqa fəaliyyət növü tapmalı olacaqlar. 

Ötən həftə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, hələki taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3050 olub.

Aydındır ki, tətbiq edilən qaydalar taksi sayına ciddi təsir edəcək. Mart ayının 10-da Milli Məclisdə çıxış edən Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Bakıda taksilərin sayının digər ölkələrdə olan saydan 4 dəfə çox olduğunu vurğulamışdı. Lakin taksi sayının azaldılması iyul ayının 1-dən, yəni qaydalar qüvvəyə minəndən sonra gözlənilsə də, bir müddətdir ki, taksi sayında azalma müşahidə olunur. 

Hər gün sosial şəbəkələrdə sərnişinlərin taksilərlə bağlı narazılıqlarına rast gəlinir. Onlar bildirirlər ki, əvvəllər taksilər ünvana 3-5 dəqiqə ərzində, indi isə 15-20 dəqiqəyə gəlirlər.

Həmçinin, bəzi şirkətlərdə müştərilərə ekonom, yəni daha ucuz taksi xidməti yox, ancaq komfortlu, VIP taksilər təklif olunur. VİP taksilərin gediş haqqı isə ekonomdan qat-qat bahadır.

Bu da dolayı yolla taksi qiymətinin artması deməkdir. Qeyd edək ki, bir müddət öncə “Bolt” şirkəti rəsmi şəkildə qiymət artımının olduğunu təsdiqlədi.

Bir sözlə, görünən odur ki, taksi sayı çox deyil və proses tam yekunlaşmadan taksi fəaliyyəti ilə bağlı narazılıq artıb. 

Bəs bütün bunlar taksilərin əlçatanlığına və xidmət keyfiyyətinə mənfi təsir etməyəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, yeni qaydaların keyfiyyəti aşağı salacağını proqnozlaşdırırdıq:

“Taksi ilə bağlı tənzimləmə mexanizmlərinin sərtləşməsini tətbiq edərkən öncədən də söyləmişdik ki, bu, keyfiyyəti də aşağı salacaq, qiyməti də yüksəldəcək. Çünki əlaqədar qurumlar heç bir əsas gətirmədən, heç bir analiz aparmadan, bir rəqəm göstərmədən Bakı şəhərində taksi sayının çox olduğunu bəyan etdilər. 

Nəyə əsasən, hansı kriteriyalara görə çox olduğu, hansı şəhərlərin örnək alındığı barədə heç bir açıqlama verilmədi. Əgər Avropa şəhərlərindən söhbət gedirsə, Avropa şəhərlərində metrodan əlavə tramvay və trolleybus da var. Yəni şəhər infrastrukturu tamam başqa cür inkişaf edib. Bakıda bir metrodur, bir avtobus. İctimai nəqliyyat da sıx işlədiyindən insanlar taksilərə önəm verirdilər. Bu sahədə 60-70 min iş yeri yaranmışdı, qiymətlər də münasib idi, keyfiyyəti də normal idi. Zaman nöqtey-nəzərindən ən azından vətəndaş çox gözləmirdi”.

O hesab edir ki, yeni qaydalar həm də işsiz insanların sayını artıracaq:

“İndi çox sərt qaydalar gətirdilər, keyfiyyət də aşağı düşdü, zaman uzandı, qiymət də yüksəldi. Bu, çox ciddi problemdir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO