Mərkəzi Bankın 2023-cü ilin I rübünün kreditləşmə fəaliyyətinə dair apardığı sorğunun nəticələrinə əsasən, bu il bankların kreditləşmə siyasətində yumşalma davam edib.
Bununla belə, ötən rüblərlə müqayisədə biznes portfeli üzrə yumşalma tendensiyasında səngimə nəzərə çarpıb. Son rübdə banklar biznes kreditləri üzrə qısamüddətli və milli valyutada verilən kredit şərtlərində yumşaltmanı azaltsa da, xarici valyutda verilən kredit şərtlərində isə daha da sərtləşməyə gediblər.
Bununla rəğmən, xarici valyutada verilən biznes kreditləri üzrə tələb azalıb.
Hazırda banklar 2023-cü ilin II rübü üçün biznes kreditləri üzrə gözləntilərində milli valyutada, habelə qısamüddətli və uzunmüddətli kreditlərə tələbin artmasını, xarici valyutada olan kreditlərə isə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar. Hətta biznes və istehlak portfelləri üzrə kredit standartlarında yumşalma tendensiyasında səngimənin davam edəcəyi qənaətindədirlər.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı-ekspert Xalid Kərimli, xarici valyutada verilən biznes kreditlərinə tələbin azalmasını əsas iki amillə bağlayıb.
Ölkədə xarici valyuta ilə gəlirləri olmayan subyektlərin bu valyutalarla kredit götürməsinin riskli olduğunu söyləyən ekspertin sözlərinə görə, bu, pulun mübadilə dəyərində asılılıq yaradır:
“İkinci səbəb odur ki, son 2 ildə Avropa ölkələrində avronun, ABŞ-da isə dolların faiz dərəcələri inflyasiya ilə mübarizə fonunda stabil şəkidə artırılır. Hazırda Amerika Mərkəzi Bankı dolların faiz dərəcəsini 5 faizdən yuxarı qaldırıb. Avropa Mərkəzi Bankındə isə avro 4,5 faizdən yuxarıdır. Bu da o deməkdir ki, əgər kimsə bu valyutalarla kredit götürmək istəyirsə, kredit şərtləri 6-7 faizdən aşağı olmayacaq.
Əvvəllər xarici valyutalarda pulun faiz dərəcəsi daha aşağı, yəni 1-2 faiz idi. Amma indi bir neçə dəfə artıb. Bu da həmin valyutalarla kreditin götürülməsini maraqsız edir. Əvvəllər Azərbaycanda biznes sahibləri kredit götürərkən manatla dollar arasında müqayisə aparır və əgər dollarla sərfəlidirsə, kredit üçün banka müraciət edirdilər”.
Ancaq hazırda bu fərqin ciddi şəkildə azaldığını söyləyən müsahibimiz qeyd edib ki, hətta manatın da kredit faizlərində ciddi azalma var:
“Əgər biznes riski aşağıdırsa, bəzi banklar birrəqəmli biznes kreditlərini 9-10 faizlə təqdim edirlər ki, bu da ölkəmizdə biznes sahələrinin manatla olan kreditlərə marağını artırır, dollara olan marağı isə azaldır. Əsas səbəblərdən biri də budur. Təbii ki, yerli biznes strukturlarının gəlirləri əsasən manatla olduğu üçün, onlar məhz bu valyuta ilə kredit götürməkdə maraqlıdırlar”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:00 / 21.06.2023
“Xarici valyutalarla kredit götürmək daha risklidir” – XƏBƏRDARLIQ
Hazırda oxunan: “Xarici valyutalarla kredit götürmək daha risklidir” – XƏBƏRDARLIQ
Hazırda oxunan: “Xarici valyutalarla kredit götürmək daha risklidir” – XƏBƏRDARLIQ
142547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.