İndi oxuyuram ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub. Onunla işim yoxdu ki, əgər ildə 1.7 mln. ton buğda istehsal ediriksə, 1.5 mln. ton buğda idxal ediriksə, Ehtiyat Fondunda kifayət qədər buğda ehtiyatımız varsa (hər halda rəsmilər belə deyir), ərzaq buğdasına olan tələbatımız cəmi 1.5-1.6 mln. tondursa, onda bizdə buğda və un niyə qıtdır.
Bununla işim yox. Belə başa düşdüm ki, ƏDV-dən azadolma ilə bağlı məlumatı İqtisadiyyat və Sənaye Nazirliyi yayıb. Nə Prezidentin saytında, nə də digər rəsmi saytlarda bu məlumatı təsdiqləyən qanunvericilik dəyişikliyinə rast gəldim. Bu, mümkün də deyil. Niyə?
Əvvəllər belə hallar tez-tez olurdu. Unun qiyməti qalxan kimi bu addım atılırdı. Ancaq hər şey qanunvericilik çərçivəsində olurdu. Ötən ilin sonuna kimi prioritet sahələr üzrə idxalda ƏDV-dən azadolmalar Nazirlər Kabinetinin səlahiyyətində olub. Ancaq Vergi Məcəlləsinə son dəyişikliklərdən sonra Vergi Məcəlləsinin 164.2-ci maddəsi ləğv olunub.
Həmin maddədə yazılırdı: “Müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə bilər”x9d. Burada müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Nazirlər Kabineti icra edir.
Artıq yanvarın 1-dən ƏDV-dən azadolmalar Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 164-cü maddəsinə ƏDV-dən azadolma ilə bağlı dəyişiklik etmək üçün isə mütləq o dəyişiklik Milli Məclisdə müzakirə olunmalı, sonra Prezident tərəfindən təsdiq olunmalıdır. Biz qanunları pozmaq üçünmü yazırıq?!
Qalib Togrul, iqtisadçı ekspert



































































































