Gəncənin üç deputatından KƏSKİN ETİRAZ: “Əlaqədar qurumlar təcili ölçü götürməlidirlər”

Hazırda oxunan: Gəncənin üç deputatından KƏSKİN ETİRAZ: “Əlaqədar qurumlar təcili ölçü götürməlidirlər”

86754

"Gəncənin “Kəpəz” komandasına ev oyunlarını doğma azarkeşlər önündə, öz meydançasında keçirməsinə maneələr yaratmaq Azərbaycan futbolunun məbədi sayılan Gəncənin azarkeşlərinə, klubun inkişafına əngəl törətmək məqsədi daşıyır. Hesab edirəm ki, bu qərar Gəncə futbolunun inkişafına mənfi təsirini göstərəcək. Bu şəhərin millət vəkili olaraq mən aidiyyatı qurumlar qarşısında məsələ qaldıraraq bu problemin tezliklə həllinə çalışacam". 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Millət vəkili Naqif Həmzə verib.

Onun sözlərinə üzün müddətdir azarkeşlərin səbirsizliklə gözlədikləri o sevinci onların əlindən almaq olmaz:

"Uzun zamandır ki, hamımız doğma klubumuzun yenidən premyer liqaya qayıdışını gözləyirdik. Bunu aidiyyatı qurumlar da bilirdi ki, stadionun tribunasının bəzi hissələri qəzalıdır. Bu 4 ildə niyə bu problemlərin həll olunması üçün lazımi tədbirlər görmədilər. Çempionatın başlamasına saylı günlər qalanda birdən Fövqəladə Hallar Nazirliyinin aidiyyatı məmurları qərar qəbul edirlər ki, Gəncə stadionunda oyun keçrilməsi mümkün deyil. Bunu niyə zamanında həll etməyiblər? Bu o deməkdir ki, “Kəpəz”in yenidən uğur qazanması, premyer liqada iddialı bir klub olmasını istəməyən qüvvələr var. Kəpəzin, onun azarkeşlərinin haqqı yeyilməməlidir. Aidiyyatı qurumlar “Kəpəz”in ev oyunlarını doğma azarkeşləri qarşısında keçirilməsini təmin etməlidir".

Gəncənin millət vəkili, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərov da “Kəpəz” futbol klubunun ev oyunlarının Bakıda keçirilməsinə ciddi etirazını bildirib.

Onun sözlərinə görə, futbol azarkeşlər üçün oynanılır və komanda doğma azarkeşləri önündə çıxış etməlidir:

"Təsadüfi deyil ki, azarkeş 12 ci oyunçu adlandırılır. Bu çox önəmli faktordur ki, Kəpəz doğma arenada, öz azarkeşləri önündə çıxış etsin. Bu komanda üçün çox vacib stimuldur. Gəncə komandasının Bakıda oyun keçirmələri həm azarkeşlər, həm futbolçular, həm də yeni yetişməkdə olan və əsas komandanın oyunlarına baxıb ruhlana biləcək uşaq futboluna öz mənfi təsirini göstərəcək".  

Müşfiq Cəfərov bu problemin həll olunması üçün aidiyyatı qurumların vaxtında əməli işlər görmədiyini də xüsusi qeyd edib.

Millət vəkili bildirib ki, hazırkı durumda vəziyyətdən çıxmaq üçün Kəpəzin yaxın şəhər və rayonlardakı meydançalardan müvəqqəti istifadə edilə bilər:

"Bu dünya praktikasında da var. Bir şəhərin, bir regionun iki komandası bir stadiondan istifadə edir. Məsələn, Italiyanın "İnter" və "Milan" klubları ev oyunlarını bir stadionda keçirirlər. Hesab edirəm ki, müvəqqəti olaraq Tovuz şəhər stadionundan hər iki komanda müştərək istifadə edə bilər. Bundan başqa ətraf rayonlarda yeni Olimpiya komplekslərinin stadionları da, yenə deyirəm müvəqqəti, problem aradan qaldırılana qədər istifadə oluna bilər. Komanda məşqləri öz bazalarında keçirər, ev oyunlarını isə bölgədəki stadionlardan birində. Amma istər AFFA, istərsə də Gənclər və İdman Nazirliyi, aidiyyatı digər qurumlar Gəncə stadionunun tezliklə tikilib başa çatmasında əməli addımlar atmalıdırlar".

Gəncənin digər millət vəkili Pərvin Kazımzadə də “Kəpəz” ev oyunlarını Bakıda keçirilməsi xəbərini digər həmkarları kimi etirazla qarşıladı:

"Biz millət vəkili olaraq dəfələrlə seçicilərlə görüşəndə futbolsevərlər Gəncənin “Kəpəz” futbol klubunun nə zaman yenidən elitaya dönəcəyini soruşurdular. Mən də Gəncədən olan digər deputatlar kimi imkan düşdükcə aidiyyatı qurumlar qarşısında komandaya yaradılan şəraitlə bağlı məsələlər qaldırırdıq. Kəpəz premyer liqaya vəsiqə qazanan da bütün azarkeşlər kimi biz də sevinirdik. İndi komandanın ev oyunlarını Bakıda keçirəcəyi ilə bağlı qərarın açıqlanması hər kəsi üzdü. Yenicə elitaya qayıdan komandaya dəstək göstərmək əvəzinə onu azarkeşsiz qoymaq, futbolçulara, doğma klublarına dəstək vermək kimi vacib missiyanı yerinə yetirmək arzularını məhv etmək olmaz.
 

Hesab edirəm ki, aidiyyatı qurumlar bu problemin tezliklə həll olunması istiqamətində əməli addımlar atacaqlar və tarixi futbol ənənələri olan şəhərin azarkeşlərini futbolsuz qoymayacaqlar".


Xatırladaq ki, Azərbaycan premyer-liqasında 2022/23 mövsümü avqustun 5-də start götürəcək. Yenidən elitaya qayıdan "Kəpəz" "Zirə" ilə qarşılaşacaq. Bu oyunu evdə keçirməli olan Gəncə təmsilçisi şəhər stadionu yararsız olduğundan rəqibini "Dalğa Arena"da qəbul edəcək.

"Kəpəz" bəs, qalan ev oyunlarını harda keçirəcək? 

"Football-plus.az" saytına açıqlama verən klubun mətbuat katibi Azad Mustafayev bildirib ki, elitaya qayıtsaq da, təəssüf ki, ilk matçımızı doğma meydanda keçirə bilməyəcəyik:

“"Zirə" ilə "Dalğa Arena"da qarşılaşacağıq. Növbəti ev oyunlarımızın harda baş tutacağı isə bəlli deyil. Rəqibləri Gəncəyə yaxın olan Şəmkir və ya Tovuzda qəbl etməklə bağlı klub rəhbərliyinin qərarı, göstərişi yoxdu".

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO