2026-cı il dünya çempionu olan İspaniya millisi vətənində möhtəşəm qarşılanıb. Paytaxt Madriddə təşkil olunan çempionluq paradına 1 milyondan çox azarkeş qatılıb.
Bizim.Media xəbər verir ki, dünya çempionlarını daşıyan üstüaçıq avtobus şəhərin əsas prospektləri boyunca hərəkət edərkən yüz minlərlə insan küçələrə toplaşaraq komandanı alqışlayıb və “İspaniya!” şüarları səsləndirib.
Futbolçular dünya kubokunu azarkeşlərə nümayiş etdirərək tarixi uğurun sevincini onlarla birlikdə yaşayıblar.
Paraddan əvvəl milli komanda Zarsuela Sarayında Kral VI Felipe, Kraliça Letisiya, şahzadə Leonor və şahzadə Sofiya tərəfindən qəbul edilib. Daha sonra futbolçular İspaniyanın Baş naziri Pedro Sançeslə görüşüblər.
Kral VI Felipe dünya çempionluğunu "epik nailiyyət" kimi qiymətləndirərək, milli komandanın ölkəni yenidən dünya futbolunun zirvəsinə daşıdığını vurğulayıb.
Baş nazir Pedro Sançes isə futbolçulara və məşqçilər korpusuna təşəkkürünü bildirərək, komandanın 2030-cu il dünya çempionatında da uğurlu çıxış edəcəyinə inandığını ifadə edib.
Bayram yürüşünün son nöqtəsi Madridin məşhur Cibeles meydanı olub. Meydan və ətraf ərazilər İspaniya bayraqları ilə bəzədilib, minlərlə azarkeş gecə saatlarınadək dünya çempionluğunu qeyd edib.
Xatırladaq ki, İspaniya millisi finalda Argentinanı məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Komanda ilk mundial zəfərini 2010-cu ildə Cənubi Afrikada keçirilən turnirdə qazanmışdı.
Bizim.Media

































































































