İspaniya milli komandasının bazar günü keçirilən Dünya Çempionatının finalında Argentina üzərində 1:0 hesablı qələbəsi ölkəyə FİFA-dan rekord məbləğdə – 50 milyon dollar (43,7 milyon avro) mükafat qazandıracaq.
Bizim.Media “Euronews” istinadla xəbər verir ki, FİFA 48 komandanın iştirak etdiyi turnir üçün ayrılmış 655 milyon dollarlıq (572 milyon avro) ümumi mükafat fondundan qalib federasiyaya rekord məbləğdə – 50 milyon dollar ayırır.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə çempion olan Argentina 42 milyon dollar almışdı.
İspaniya Kral Futbol Federasiyası (RFEF) bu məbləğin nə qədərini oyunçulara, məşqçilər korpusuna və heyətə paylayacağını özü müəyyən edir, qalan hissə isə federasiyanın xərclərinə və inkişaf proqramlarına yönəldilir. Həmçinin hər bir ödənişdən vergi tutulur.
İspaniya hakimiyyəti ölkədə yaşayan 17 milli komanda oyunçusundan təxminən 6 milyon avro vergi toplamağı planlaşdırır; bu məbləğin böyük hissəsi – təxminən 4,4 milyon avro dövlət vergi agentliyinə, qalan hissəsi isə Navarra və Basklar Ölkəsinin xəzinələrinə çatacaq.
Makroiqtisadiyyatda isə vəziyyət daha mürəkkəbdir. Aberdin Universitetinin iqtisadçısı Marko Mellonun "Oxford Bulletin of Economics and Statistics" jurnalında dərc olunmuş araşdırmasına görə, Dünya Kubokunda qazanılan qələbə çempion ölkənin ÜDM-nin (Ümumi Daxili Məhsul) illik artım tempini finaldan sonrakı iki rübdə ən azı 0,48% artırır. Daha sonra bu təsir yox olur.
Burada əsas hərəkətverici qüvvə bayram xərcləri deyil, məhz ixracdır. Çempionluq titulu ölkənin mal və xidmətləri üçün qlobal reklam kampaniyası rolu oynadığı üçün ixracın artımı 5-6 faiz bəndi daha yüksək olur.
"Freedom24 Iberia"nın direktoru Pedro Santa Krusun hesablamalarına görə, bu qiymətləndirmə İspaniyanın 1,69 trilyon avroluq iqtisadiyyatına tətbiq edilərsə, artım təxminən 4 milyard avro təşkil edəcək.
Ölkə daxilindəki bayram əhval-ruhiyyəsinin iqtisadi təsiri də aldadıcı ola bilər. Santa Krusun istinad etdiyi "Square" ödəniş platformasının məlumatına görə, İspaniyanın iştirakı ilə qrup mərhələsi oyunları zamanı bar və restoranlarda əməliyyatların sayı 36%, Sevilyada isə 66% artıb. Lakin bu xərclərin böyük hissəsi yeni pul axını deyil, sadəcə digər xərc kateqoriyalarından bu sahəyə yönləndirilən vəsaitlərdir. Çempionluq şənliklərinin də oxşar təsir göstərəcəyi gözlənilir — qalibləri qarşılamaq üçün Madrid küçələrinə bir milyondan çox insanın çıxacağı ehtimal edilir.
Bizim.Media

































































































