Polşa yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə saat 02:00) Belarusla sərhəddə o vaxta qədər fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələrini bağlayıb.
Bizim.Media Polşa KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski Terespoldakı nəzarət-buraxılış məntəqəsində keçirilən mətbuat konfransında deyib.
"Gecə yarısı Belarusla sərhəddə hərəkəti dayandırdıq. Bu, "Qərb -2025" təlimləri ilə əlaqədardır", - nazir bildirib.
"Yalnız polyakların təhlükəsizliyinin təmin olunduğuna əmin olduqdan sonra hərəkət bərpa olunacaq, İqtisadi nöqteyi-nəzərdən sərhəddə hərəkətin mümkün qədər tez bərpa olunmasını təmin etməyə çalışacağıq", - o əlavə edib.
Terespoldakı nəzarət-buraxılış məntəqəsindən əlavə, Polşa-Belarus sərhədi ilə nəqliyyatın hərəkəti "Kukurıki" – "Kozloviçi" yük daşımaları üçün buraxılış məntəqəsində, eləcə də dəmir yolunun üç sərhəd keçid məntəqəsində – "Kuzniça Belostotskaya" – Qrodno, "Semyanuvka" – "Svisloç", "Terespol" – dayanıb.
Qeyd edək ki, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Hadisə ilə bağlı Polşa hərbi hava qüvvələri təhlükənin qarşısını almaq üçün aviasiyanı havaya qaldırıb, dörd aeroport bağlanıb. Polşa tərəfi PUA-ların zərərsizləşdirildiyini açıqlayıb.
Xatırladaq ki, Rusiya və Belarus hərbçilərinin birgə iştirak edəcəyi “Qərb-2025” təlimləri sentyabrın 12-dən 16-dək Polşa və Litva sərhədlərinə yaxın ərazilərdə keçiriləcək.
Moskva bu manevrlərdə Şimali Atlantika Alyansı qüvvələri ilə mümkün toqquşma ssenarisini məşq edəcək.
Bizim.Media