Bugünlərdə prezident İlham Əliyevin Tiflis görüşündə Gürcüstan və Türkiyə liderləri ilə bir araya gəlməsi və məlum görüşdə müzakirə edilən məsələlər siyasi sferada ciddi marağa səbəb olub. Prezidentlərin Tiflis görüşünə münasibət bildirən bəzi siyasi ekspertlər hesab edir ki, bu görüş yalnız Azərbaycanın deyil, bütövlükdə regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi, eləcə də iqtisadi inkişafın təmini baxımından mühüm rol oynaya bilər.
Məsələyə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay Moderator.az-a açıqlamasında Tiflis görüşünün bir neçə aspektdən şərh edilməli olduğunu qeyd edib:
“Türkiyə-Azərbaycan-Gürcüstan dövlətləri liderlərinin Gürcüstanın paytaxtı Tiflisdə keçirilən zirvə görüşü Qafqaz üzərini də almış indiki regional təhlükəli dövrdə son dərəcədə mühüm əhəmiyyət kəsb etdi. Toplantı bir sıra xüsusyyətlərinə görə hətta, region hüdudlarını aşa biləcək qədər təsir qüvvəli olmaqla diqqət çəlb etdi.
Əvvəla, Tiflis zirvə görüşü əslində bir az öncə Rusiya-Qazaxstan-Belarusiya prezidentlərinin fikir ayrılığı ilə yekunlaşmış Gömrük İttifaqı məqsədli Minsk sammitinə bir cavab idi. Tiflis sammiti göstərdi ki, regionda Moskvanın irəli sürdüyü Gömrük İttifaqı və Avrasiya Birliyinə alternativ birliklərin yaranması mümkündür. Və həmin alternativ birliklər daha səmimi və qarşılıqlı faydalı dəyərlər əsasında və həm də, daha çevik şəkildə qurula bilər. Tiflis sammiti Moskva-Kreml layihələrinə alternativliyini daha bir xüsusda göstərdi. Bu da həmin Kreml layihələrinin dəstəkçi və iştirakçısı olan Ermənistanın qonşu Tiflisə dəvət edilməyib, kənarda qalması oldu”.
Ekspertin fikrincə, Tiflis görüşü iştirakçı dövlətlərin gələcək iqtisadi inkişafı baxımından da mühüm rol oynaya bilər: “Qonşu dovlət başçıları görüşünün ikinci əsas xüsusiyyəti bu üç dövlətin birgə iqtisadi yolunun müəyyən edilməsidir. Aydın oldu ki, bu üç dövlət birgə iqtisadi inteqrasiya ilə bərabər, həm də Şərqdən Qərbə doğru açılan vahid iqtisadi enerji daşıyıcı dəhlizi rolunu üzərinə götürmək əzmindədir”.
İ.Altayın sözlərinə görə, Tiflis görüşü Rusiya-Ukrayna gərginliyi fonunda Azərbaycanın təhlükəsizliyi baxımından da beynəlxalq ictimaiyyət və eləcə də Rusiyaya müəyyən mesajlar verdi: “Nəhayət, Tiflis zirvə görüşü Azərbaycanın varlığı və sonrakı taleyi üçün mühüm bir məsələyə də aydınlıq gətirdi.
Son zamanlar Rusiyanın Krımı işğal etməsi və Ukrayna ərazisində separatçılıq qarışıqlığı yaratması ilə bağlı regionda təlatüm yaşanır. Bununla bağlı, hətta qlobal səviyyədə təhlükəli NATO-Rusiya krizisı yaranıb. Regionətrafı ölkələr və xüsusilə, keçmış Sovetlər İttifaqından yeni müstəqillik tapmış dövlətlərin bir çoxu seçim qarşısında qoyulmuşlar. Qazaxstan, Ermənistan kimi bir neçə dövlət Krımın anneksiyasına haqq qazandırmaqla Rusiyanın separatçılıq siyasətini açıq dəstəkləyib. Azərbaycan isə əksinə, BMT səviyyəsində separatçılığa qarşı qətiyyətli mövqe ortaya qoymaqla Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Bu isə ölkənin Qarabağ separatçılığı və işğalı ilə üzləşməsi baxımından bütün xalqın mövqeyi deməkdir.
Ancaq son günlər Rusiyanın ölkəmisdəki bəzi dayaqlarının baş qaldırması və həm də bəzi ictimai-siyasi xadimlərin, hətta bir-iki deputatın Rusiyameylli cıxışları müəyyən spekulyativ əks fikirlərin, yaranmasına səbəb olmuşdu. Hiss olunurdu ki, Moskvanın qonşu suveren Ukrayna dövlətinə qarşı son zorakı addımlarından yaranan “əjdaha” obrazınin manipulyativ təsiri Azərbaycandan da yan ötməyib. Fikirlər səslənirdi ki, guya dövlət rəhbərliyi səviyyəsində Moskvanın gücünü qəbul etmə və Rusiyaya doğru meyllənmə başlanıb. Guya artıq rəsmi Bakı Qərblə pozuluşmaya, qərbyönlü hesab ediləın ictimai xadimlərin “vətən xaini” damğası altında həbsi kampaniyasına, hətta, ölkədə Rusiya hərbi bazalarının yerləşdirilməsinə doğru meyllənir”.
Ekspertin qənaətincə, Tiflis görüşü Azərbaycanın Qərbə, demokratiyaya doğru yol almasının da müəyyən mənada təsdiqi hesab edilə bilər: “Azərbaycan dövlət başçısının Tiflis sammitinə boyük ruh yüksəkliyi ilə qatılıb, xoş təəssüratla ayrılması yuxarıdakı sərsəm mülahizələri alt-üst etdi. Türkiyənin NATO üzvü və Gürcüstanın birmənalı Qərbyönlü və antirusiya mövqeli olmasını nəzərə alsaq, rəsmi Bakının sammitdəki qətiyyətli birmənalı mövqeyi ən çətin seçim anında ölkənin sivil, demokratik qərb yolunda olduğunu göstərdi. Təsadüfi deyil ki, İlham Əliyev bu görüşdən məmnunlugunu açıq ifadə etdi. Bildirdi ki, buraya gəlişdən xöşbəxtdir, zirvənin gözəl nəticələri olacaq və bu üçlü zirvə regional deyil, dünyəvi önəm, xarakter daşıyır.
Artıq aydın olur ki, bu toplantı sivil dünya birliyinin tələbi və ehtiyacıdır, böyük qlobal tədbirin başlanğıcıdır. Və bu qlobal proyektin içində Azərbaycan var, Ermənistan yoxdur”.
Seymur Əliyev

































































































