Moderator.az son dövrlər dinlə bağlı baş verən hadisələrə cəmiyyətdə müxtəlif mövqelərin mövcudluğunu nəzərə alıb, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin 2015-ci ildə çapdan çıxmış “Yeni təhsil, tərbiyə və elm antologiyası”x9d kitabından böyük alman filosofu İmmanuil Kantın “Pedaqogika haqqında”x9d traktat əsərindən bir parçanı oxuculara təqdim edir. Böyük filosofun din haqqında fikirləri indiyə qədər aktuallığını itirməmişdir. Sayt olaraq, bu, möhtəşəm əsərin dilimizə gec tərcümə olunmasından təəssüflənir, lakin buna baxmayaraq təhsil eksperti Etibar Əliyevə bu maarifçilik missiyasına görə təşəkkürümüzü bildiririk.
"...Uşaqların dini baxımdan tərbiyəsinə gəldikdə, hər şeydən əvvəl aşağıdakı sual qarşıya çıxır: erkən çağlarından uşaqlara dini anlayışları təlim etmək lazımdırmı? Bununla bağlı pedaqogikada çoxlu mübahisələr olmuşdur. Dini anlayışlar zəruri şəkildə ilahiyyatı nəzərdə tutur. Hələ insanlara, özlərini tanımayan cavanlara ilahiyyatı öyrətmək olarmı? Ümumiyyətlə, vəzifəsinin nə olduğunu bilməyən cavanlar Allah qarşısında birbaşa borclarını başa düşmək iqtidarındadırlarmı? Bir şey aydındır: əgər uşaqlar Ali Varlığa ehtiramı ifadə edən heç bir fəaliyyətdə iştirak etməsəydilər, hətta Allahın adını belə eşitməsəydilər, onda onları əvvəlcə insanın təyinatı və onun nəyə layiq olduğu ilə tanış etmək, mühakimə yürütmək qabiliyyətini inkişaf etdirmək, təbiətin əsərlərinin nizamını və gözəlliyini izah etmək, bundan əlavə, dünya haqqında daha ətraflı məlumat vermək və yalnız bundan sonra Ali Varlıq, Qanunverici anlayışını onlara açıqlamaq ağlabatan olardı. Lakin bir çox səbəblərə görə bu mümkün olmadığından, əgər biz uşaqlara Allah haqqında yalnız sonralar dərs keçmək istəsək, bu onlarda ya laqeydlik, yaxud onun qüdrəti qarşısında qorxu təlqin edər. Axı onlar lap əzəldən Allahın adını eşidir, ona ümumən göstərilən ehtiramın əlamətləri ilə tanış olurlar. Allahdan qorxunun uşaqların fantaziyasında kök salmasından ehtiyat etmək əsas olduğuna görə, bundan çəkinmək üçün onlara öncədən dini anlayışları təlqin etmək lazımdır. Lakin bu yaddaşın işi, sadə təqlid, meymun kimi təkrar olmamalıdır; seçilmiş yol təbiətə uyğun olmalıdır. Borc, vəzifə, yaxşı və pis davranış haqqında mücərrəd anlayışlarsız da uşaqlar başa düşərlər ki, borc qanunu var, onlar rahatlıq, fayda və sairə ilə bağlı mülahizələr deyil, insanların şıltaqlığından asılı olmayan nə isə ümumi bir şeyi müəyyən etməlidir. Əlbəttə ki, müəllimin özü də bu haqda aydın təsəvvürə malik olmalıdır.
Əvvəlcə hər şeyi təbiətin adına yazmaq, sonra isə təbiətin özünü də Allahla bağlamaq lazımdır: məsələn, necə ki, ilk öncə hər şey növlərin saxlanması və onların tarazlığına əsaslanırdı: lakin bununla birlikdə artıq öncədən məqsədi öz səadətini qurmaq olan insan nəzərdə tutulurdu.
İlk dövrlərdə Allah haqqında anlayışı himayəsi altında olduğumuz ata anlayışı ilə analogiya əsasında izah etmək daha yaxşı olar, bununla yanaşı insanların mənşəyinin vahid, bir növ eyni ailədən olduğunu göstərmək son dərəcə məqsədəuyğundur.
Lakin, görəsən, din nədir? Din içimizdə yaşayan qanundur. Qanunvericinin və Hakimin sayəsində onun bizə təsiri Allahı dərk etməyə yönəlmiş əxlaqda öz əksini tapır. Əgər dini əxlaqla birləşdirməsən, onda din şəfqət diləməyə çevrilir. Himnlər, dualar, kilsəyə gedişlər insana yalnız islah olunmaq üçün yeni güc, yeni cəsarət verməli, ya da bunun ilhama gətirdiyi qəlbin etirafı olmalıdır. Bu, xeyirxah işlər yox, yalnız onlara hazırlıqdır. Ən yaxşı insan olmadan Ali Varlığın xoşuna gəlmək olmaz.
Uşaqla onda yaşayan qanundan başlamaq lazımdır. Əgər insan əxlaqsızdırsa, o, öz nəzərlərində özünə nifrətə layiqdir. Bu özünüdərk onun təməlində qoyulmuşdur və o, yalnız Allah tərəfindən kinin qadağan edilməsi ilə bağlı deyil. Axı qanunveri-cinin eyni zamanda qanunun yaradıcısı olması vacib deyil. Belə ki, hökmdar öz öl-kəsində oğurluğu qadağan edə bilər, lakin bununla belə, onu oğurluğun qadağan olunması haqqında qanunun yaradıcısı adlandırmaq olmaz. Bu nəzər nöqtəsindən çıxış edən insan belə bir fikrə gəlir ki, yalnız yaxşı əməllər onu sədaqətə layiq edir. İlahi qanun eyni zamanda təbiətin qanunu təsirini bağışlamalıdır, çünki o, ixtiyari deyil.
Lakin ilahiyyatdan başlamaq lazım deyil? Yalnız ilahiyyata əsaslanan din heç bir əxlaqı ehtiva edə bilməz. Belə bir din bir tərəfdən qorxu, digər tərəfdən müka-fatla bağlı niyyət təlqin edə bilər, bu isə artıq yalnız mövhumi itaətkarlıq doğurur. Beləliklə, mənəviyyat əvvəl gəlməlidir, ilahiyyat onu izləməlidir. Din elə bu-nun özüdür.
İçimizdə yaşayan qanun vicdan adlanır. Öz-özlüyündə vicdan bizim əməllərimizin bu qanuna tətbiqidir. Əgər onu üzərimizdə hökmranlıq edən, lakin eyni zamanda daxi-limizdə məhkəmə quran Allahın təmsilçisi kimi nəzərdən keçirməsək, vicdanın mə-zəmmətləri nəticəsiz qalar. Əgər din mənəvi vicdanla birləşməsə, onda o, kəsərsiz olar. Mənəvi vicdanlıqdan kənarda din mövhumi qulluqdur. Məsələn, Allahı mədh et-məklə, onun gücünü, müdrikliyini göylərə qaldırmaqla Ona qulluq etmək istəyirlər və eyni zamanda Allahın qanunlarını yerinə yetirmək haqqında düşünmək bir yana, bu azmış kimi, heç olmasa onun gücünü, müdrikliyini dərk etmək və onun ardınca get-mək haqqında düşünmürlər. Bu mədhlər sanki belə bir adamların vicdanı üçün tiryə-kin üsulları, yaxud üstündə rahat yatmaq olan yastıqdır.
Uşaqlar bütün dini anlayışları dərk edə bilməzlər. Uşaqları hazır təlimatları əz-bərləməyə məcbur etmək onlarda möminlik haqqında yanlış təsəvvür təlqin edən faydasız işdir. Əsl Allaha sitayiş ilahi iradə ilə hərəkət etməkdir. Məhz bunu uşaq-lara təlqin etmək lazımdır. Həm uşaqlara, həm də özümüzə fikir vermək lazımdır ki, Allahın adından tez-tez sui-istifadə olunmasın. Əgər onu, hətta xeyirxah məq-
sədlə səadət arzulayanda, işlədirlərsə, bunun özü də, düzünə qalsa, sui-istifadədir. Allah haqqında anlayış hər dəfə onun adı çəkiləndə insanın qəlbini ehtiram hissi ilə doldurmalıdır və insan onun adını nadir hallarda, özü də heç zaman düşüncəsiz şəkildə çəkməməlidir. Uşaq Allahın qarşısında, birincisi, həyatın və bütün dünya-nın sahibi, ikincisi, insanları yaradan İlahi qüvvə, nəhayət, üçüncüsü, Hakimi-müt-ləq kimi ehtiram hiss etməlidir. Deyirlər ki, Nyuton hər dəfə Allahın adını çəkəndə yerində donub qalır və düşüncəyə qərq olurdu.
Əgər uşaq eyni zamanda Allah və borc haqqında təsəvvür əldə etsə, o, varlıqları xəlq edən ilahi qüvvəyə daha yaxşı sitayiş etməyi öyrənər və bununla da, çox za-man onların xırda heyvanları incitməsində öz əksini tapan dağıtmağa və amansızlığa meylindən məhrum olar. Bununla yanaşı, uşaqlara yamanlığın içində də yaxşılıq tapmağı öyrətmək olar: məsələn, yırtıcı heyvanları və həşəratı təmizliyin və zəhmətkeşliyin nümunəsi hesab etmək olar; qurdları məhv edən quşlar bağları qoruyurlar və sairə.
Deməli, uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini görəndə bunun kimə münasibətdə və nə üçün edildiyini bilsinlər. Bu anlayışlar azsaylı olmalıdır və artıq deyildiyi kimi, sırf neqativ səciyyə daşımalıdırlar. Onları uşaqlara lap erkən yaşlarından təlim etmək lazımdır, lakin eyni zamanda fikir vermək lazımdır ki, uşaqlar adamları onların məzhəblərinə görə dəyərləndirməsinlər, çünki məzhəblərdəki fərqlərə baxmayaraq, din hər halda hər yerdə eynidir".



































































































