Ey insan, insafı unudan gündən

xəmirin acımır, küt gedir kündən...

Ey insan, insafı unudan gündən xəmirin acımır, küt gedir kündən...

Hazırda oxunan: Ey insan, insafı unudan gündən xəmirin acımır, küt gedir kündən...

40942

Moderator.az millət vəkili, şair Tahir Rzayevin rübailərinin təqdimatına başlayır. Poeziya həvəskarları saytın "Ədəbiyyat" bölümündə deputatın şeirləriylə müəmadi olaraq tanış olmaq imkanı qazancaq.              



Rübailər

 

Ay Allah, insanı yaradan zaman,

Sən ona ağıl ver, bir də ki, iman.

Ağılsız, imansız olan insanlar

Min fitnə törədər, salar ölüm, qan

 

Ya rəbbim, rəhm eylə yaratdığına,

Ləyaqəti yoxsa var vermə ona.

Dövləti çox olsa şərəfsizlərin,

Əl açar, baş əyər aqil nadana.

 

Yaxşını yamandan seçməsə bəşər,

Dünyanın başına oyun açar şər.

Hadanlar, zalımlar törəyib artar,

Qananlar qanmazla dəyişik düşər.

 

Allahın dediyi yol ilə getsən,

Haqqa, həqiqətə sitayiş etsən

Ey insan, əbədi yaşadacaqsan,

Özünü, dinini, Allahını sən.

 

Sənindir kainat, günəş, yer, Allah!

Nə görmək istəsən özün gör, Allah!

Gözlərə nur, işıq verməzdən əvvəl

Qəlblərə mərhəmət, iman ver, Allah!

 

Haqqın dərgahında haqq qazananlar

Allahın yanında hörmətli olar.

Kim haqqı nahaqqa edirsə möhtac

Onun haqq evində öz cəzası var.

 

Ey insan, özünü dərk edəndə sən

Aqilsən, qadirsən, həm də böyüksən.

Alçalıb, kiçilib, xırdalanarsan

Özündən, sözündən gözünü çəksən.

 

Ey insan, tanrının min qapısı var

Bilməzsən üzünə hansı açılar.

Ancaq ki, kamala, ağla yetənlər

Həmin qapılardan xəbərdar olar.

 

Ey insan, insafı unudan gündən

Xəmirin acımır, küt gedir kündən.

Varına güvənib zalımlıq etmə

Allah verdiyini alacaq səndən.

 

Ey insan, bu qədər varsa qüdrətin,

Nədən zəlilisən bəs həqiqətin?

Hər yerdə, hər zaman haqq söyləyirsən

Haqqasa çatmağa yox cəsarətin.

 

Alim qarşısında nə qədər ensən,

O qədər ucalıb, yüksələcəksən.

Nadana, zalıma baş əysən əğər

Ömrün sonunadək dərd çəkəcəksən.

 

Tanrım, elə yarat sən insanları

Haqqın qulluğunda dursunlar barı.

Dünyaya nə lazım zalım, zülmkar,

Niyə yaradırdın bu insanları?

 

Allah qismətinə qane ol hər an,

Çünki odur verən, həm də ki, alan.

Tanrına kəm baxıb yolunu azsan

Başın min bəlalar çəkər, ey insan!

 

Əl atdım bağçada qönçə bir gülə

Gül haray qoparıb gəldi tez dilə.

Dedi:-Yetişməmiş gəl üzmə məni

Qoy bir az yaşayım, körpəyəm hələ.

 

Əlində ixtiyar olduğu zaman,

Gərək ədalətli olsun hər insan.

İmkanı olanda baş kəsən kəsin

Nə fayda dar gündə yalvarmağından.

 

Boş sözə aqillər eyləməz həvəs

Elə söz danış ki, dinləsin hər kəs.

Ağzından çıxan söz səninki deyil

Bir söz gedər gəlməz, bir də ki, nəfəs.

 

Ağlının gücünə arxayın olan

Nə qəliz danışar, nə də ki, yalan.

Ağıllı adamlar düzgün seçiblər

Köhlənə məxmər çul, eşşəyə palan.

 

Yel kimi ömrümdən keçən hər günə,

Baxıb kövrəlirəm mən dönə-dönə.

Əlimdən sürüşüb uçan bir anı

Min yol səsləsəm də qayıtmaz yenə.

 

 

Allahım, rəhm eylə yaratdığına

İnsan susamasın ölümə, qana.

Qoyma yolun çaşıb bəşər övladı

Haqqı, ədaləti, insafı dana.

 

Olma adın, pulun, malın möhtacı

O deyil həyatın, dərdin əlacı.

Var-dövlətdən əvvəl ağlını artır

Anla ki, başların ağıldır tacı.

 

Vəfalı dünyanı vəfasız edən,

Ey insan, anla ki, sənin özünsən.

Əlbəttə, dünya da vəfasızlaşar,

Andını, sözünü dəyişəndə sən.

 

Xoşbəxt o kəsdir ki, gözləri toxdur

Ürəyi təmizdir, tamahı yoxdur.

Harama qurşanıb pul yıganların,

Dərdi dövlətindən min dəfə çoxdur.

 

Süfrəni agıllı kəslərə açsan,

Həmişə çörəkli, duzlu olarsan.

Dosların agılsız, şərəfsiz olsa,

Bir tikə çörəyə möhtac qalarsan.

 

Ey fani dünyanı yaradan Allah!

İnsan hər an sənə gətirir pənah.

Dövlət yox, agıl ver yaratdığına,

Səndən üz döndərib etməsin günah.

 

 

Bəxtinin gözünü agılla açsan,

Tanınıb, ucalıb, ad qazanarsan.

Agılsız kəslərin ardınca getsən,

Hörmətdən düşərsən bir anda inan.

 

Yananda elə yan, alovun, közün

Aləmə nur saçsın, sevinsin gözün.

Alim ol, sair ol, kim olursan ol,

Məsləkdə, sevgidə özün ol, özün.

 

Yetişməz Tanrıya bil ahın sənin,

Çünki var-dövlətdir allahın sənin.

Başına, döşünə döyüb ağlama,

Allaha bəllidir günahın sənin.

 

Bu qədər yalvarış, ibadət bəsdir,

Məscidin qapısın gedib az kəsdir.

Qəlbin Allahınla birgə deyilsə,

Orucun, namazın billah əbəsdir.

 

Hər ağac, gül-çiçək, daş-kəsək, yarpaq

Sirli bir aləmdir duysaq, anlasaq.

Torpaqdan yaranan dilsiz olsa da

Ona duyanların gözləriylə bax.

 

Gənclikdə qazansan ucalığını

Şərəflə yaşarsan qocalığını.

Sev-sevil, adını qəlblərdə ucalt

Neylirsən şərəfsiz cansağlığını.

 

 

Çox uysan dünyanın var-dövlətinə,

Xələl gətirərsən ləyaqətinə.

Vicdanını satıb pul qazananlar,

Hər iki dünyada qalar pis günə.

 

 

Allah həm can verir, həm də can alir,

Ancaq nə yorulur, nə də qocalır.

Haqq ilə hər işi qoyur yoluna

Hər vaxt öz andına o sadiq qalır.

 

Həqiqət nə qədər olsa da acı

Odur bu dünyada ömrün əlacı.

Qızıl tac ağılsız başda təzəkdir

Ağıldır insanın başının tacı.

 

Baş özü qızıla layiq olmasa,

Qızıl tac o başda batacaq yasa.

Ağılla, kamalla şərəflidir bil

Ömür uzun olsun, ya da ki, qısa.

 

Ömrünü ucaltmaq istəsən əğər,

Yaman əməllərdən qurtar bir təhər.

Halal çörək qazan, olmasın heç vaxt

Yediyin zəhrimar, içdiyin zəhər.

 

Dünyanın sirrindən baş açmayanlar,

Yolunu tez çaşıb naəlac qalar.

Haqqın, ədalətin yolçusu olsaq

Həm insan, həm də ki, dünya şad olar.

 

Boş baş həm ayağa, həm cana yükdür,

Torpağa, millətə, insana yükdür.

Eşqsiz ürəklər, ağılsız başlar

Dünyaya bəladır, cahana yükdür.

 

Ağılsız insanlar keçərsə başa,

Dünya qara geyər, yaz dönər qışa.

Ağıllı ağlıyla açar yolları

Bərəkət gətirər torpağa, daşa.

 

İnamın dövlətin, daş-qaşın olsun,

Düz sözün, saf eşqin sirdaşın olsun.

Şərəfli, mənali bir ömür yaşa

Əməlin əbədi başdaşın olsun.

 

Vara çox güvənmə əcəl çatanda,

Sənə kömək etməz o bircə an da.

Əməlin pak olsa dadına yetər,

Ruhun rahat olar nəfəssiz canda.

 

Yalanın, böhtanın dalınca daş at

Xeyirxahlıq edib ömrünü ucalt

Köməksiz, arxasız, tənha kəslərə

Dilini uzatma, əlini uzat.

 

Zalımlıq yolunu tutarsa insan,

Heç vaxt uzaq olmaz qandan-qadadan.

Haqqı, ədaləti qorumaq üçün

İnsana düşüncə verib Yaradan.

 

 

Səni xəlq edənin borcunu versən,

Hər vaxt ucalarsan, xeyir görərsən.

Əgər haqq yolunu dansan, unutsan

Nifrətin, qəzəbin sahibisən sən.

 Ardı var...

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO