Azərbaycan Vətəndir, vətən Azərbaycandır
Bu topraq necə ulu, necə böyükdür, Allah!
Bu topraq Odlar yurdu, dünyada təkdir, Allah!
Sərt qayalı dağları, çeşmələri dumduru,
Övladına keçibdir zirvələrin qüruru.
Sinəmdə coşan ürək, damarlarımda qandır,
Azərbaycan Vətəndir, vətən Azərbaycandır!
Təbriz ulu başkəndim, Bakı bu günüm mənim,
Dərbənd qala şəhərim, toyum, düyünüm mənim.
Ərdəbildə şah babam qalxacaq məzarından,
Qurtaracaq milləti torpaq intizarından,
Könlümdən keçən istək, düşünmə ki, gümandır!
Azərbaycan Vətəndir, vətən Azərbaycandır.
Gəncə-Nizami yurdu, sözün sınmaz qalası,
Gülləbatmaz ordudur bu yurdun hər balası.
Cənnətə bir misaldır çiçəkli Lənkəranım,
Bərdə gözəllər yurdu, Şuşa dinim, imanım.
Darda qalıb Qarabağ, yanır xeyli zamandır,
Azərbaycan vətəndir, Vətən Azərbaycandır!
İrəvanda qalam var, Ağbaba qərib elim,
Göyçədən su gətirin, alışır - yanır dilim.
Zəngəzurum əsirdi yağılar caynağında,
Düşmən çoxmu qalacaq Pənah xan oylağında?
Fürsət verməyək daha yağılara, amandır,
Azərbaycan vətəndir, Vətən Azərbaycandır!
Sazın, sözün beşiyi Qazaxım, Borçalım var,
Minək Dilboz atlara, Ərzuruma yolum var.
Çapaq, gedək Kərkükə, soydaşımız dardadır,
Babam Füzuli orda, ağır ellər ordadır.
Gedək, baş çəkək, gələk, ora dindir, imandır,
Azərbaycan vətəndir, Vətən Azərbaycandır!
Naxçıvan yer üzündə beşiyidir bəşərin,
Xəzər yuyur telini açılan hər səhərin.
Ey azəri övladı, harda olsan bil bunu,
İçində bir od apar, hara salsan yolunu.
Bil ki, o od hər zaman sənə bir pasibandır,
Azərbaycan vətəndir, Vətən Azərbaycandır!
Mən sizə səslənirəm, ey Vətən övladları,
Vətən olub hər zaman Türkün sınmaz vüqarı!
Biz ucaldaq daima dünyaya haqq səsini,
Gəlin birgə fəth edək, həmrəylik zirvəsini.
Bir olsaq, əlbir olsaq Vətən daim ucalar,
Dostlarımız sevinər, düşmənimiz xar olar.
İşdə, əməldə birlik hüdudsuz asimandır,
Azərbaycan vətəndir, Vətən Azərbaycandır!
Şəmsi Qoca



































































































