Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirilən görüşdə Amerika tərəfinə Ukrayna böhranının nizamlanması ilə bağlı heç bir cavab sənədi və ya yazılı plan təqdim etməyib.
Bizim.Media xəbər verir ki, Dmitri Peskov jurnalistlərin müvafiq sualına qısa şəkildə "Xeyr" cavabını verib.
Kreml rəsmisi əlavə edib ki, Rusiya dövlət başçısı Vaşinqtondan gətirilən təklifləri və sənədləri şəxsən nəzərdən keçirəcək.
Oktyabrın 21-də keçirilən görüşdə Putin Donald Trampa Ukrayna mövzusuna ayırdığı diqqətə görə minnətdarlığını bildirib və ABŞ ilə iqtisadi əlaqələrin yenidən bərpasında maraqlı olduğunu vurğulayıb.
Stiv Uitkoff Rusiya liderinə Vaşinqtonun böhranın həllinə dair yanaşmalarını əks etdirən sənədlər paketi təqdim etdiyini və münaqişə bitdikdən sonra iki ölkə arasında biznes əməkdaşlığı üçün böyük perspektivlərin açılacağını qeyd edib.
Sankt-Peterburq səfərindən öncə Uitkoff və Trampın kürəkəni Cared Kuşner Osloda Volodimir Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Styo re ilə görüşərək həmin çərçivə sənədini müzakirə etmişdilər.
Kremlin bu açıqlaması və Sankt-Peterburq görüşünün detalları hazırda davam edən "diplomatik şahmat" oyununun vacib nüanslarını ortaya qoyur.
Putinin Uitkoffa dərhal cavab sənədi verməməsi Kremlin tələsmədiyini və Vaşinqtonun təkliflərini "masada saxlayaraq" öz xeyrinə maksimal kompromislər qoparmaq istədiyini göstərir. Moskva təşəbbüsün ABŞ-dən gəldiyini vurğulamaqla özünü tələb edən tərəf kimi mövqeləndirir.
Həm Putinin, həm də Uitkoffun görüş zamanı vurğuladığı əsas məqamlardan biri münaqişədən sonrakı ABŞ-Rusiya iqtisadi və biznes əlaqələrinin bərpası olub. Bu, Tramp administrasiyasının (dizel sazişi və sanksiyaların yumşaldılması siqnalları ilə) Rusiyanı sülh masasına çəkmək üçün iqtisadi həvəsləndirmə kartından fəal istifadə etdiyini sübut edir.
Ağ Evin Osloda Zelenski və Avropa tərəfdaşları ilə razılaşdırdığı sənəd artıq Kremlin masasındadır.
Noyabrın 10-dan sonra Əbu-Dabi şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli (ABŞ-Rusiya-Ukrayna) danışıqlara qədər Moskvanın bu sənədə verəcəyi cavab müharibənin taleyini müəyyənləşdirən əsas amil olacaq.
Bizim.Media



































































































