Alimlər rentgen analizi və maşın təlimi (süni intellekt) alətlərindən istifadə edərək palma yarpaqları üzərində yazılmış qədim əlyazmaların hazırlanma texnologiyalarını və bitki növlərini müəyyən etməyi öyrəniblər.
Bizim.Media xəbər verir ki, “npj Heritage Science” jurnalında dərc olunmuş araşdırma tarixi sənədlərə zərər vurmadan onların mənşəyini və emal üsullarını öyrənməyə imkan verir.
Beynəlxalq tədqiqatçılar qrupu Almaniyanın DESY mərkəzində və Fransanın ESRF sinxrotron şüalanma mərkəzində 160 nümunəni üç fərqli rentgen analizi metodu ilə araşdırıb, əldə olunan məlumatları süni intellekt vasitəsilə birləşdiriblər.
Metodun əsas üstünlüyü tarixi və kövrək əlyazmalardan heç bir fiziki nümunə kəsmədən və zədələmədən analizi həyata keçirməkdir.
Analizlər istifadə edilən palma növlərini dəqiqliklə fərqləndirməyə şərait yaradıb. Şri-Lanka və Cənubi Hindistandan olan nümunələr oxşar emal texnologiyalarını, Tailanddan olan materiallar isə özünəməxsus yerli ənənələri nümayiş etdirib.
Alimlər bildirirlər ki, mənşəyin dəqiq təyini üçün fiziki-kimyəvi analizlərlə yanaşı, əlyazmaların mətni, xəttatlıq üslubu və tarixi konteksti də paralel şəkildə öyrənilməlidir.

Bizim.Media






























































































