Fransa imperatoru Napoleon Bonapartın 1809-cu ildə generallarından birinə göndərdiyi, 200 ildən çoxdur sirri açılmayan şifrəli hərbi məktub süni intellektin köməyi ilə cəmi altı saata deşifrə edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin kibertəhlükəsizlik şirkəti SentinelOne-da çalışan 27 yaşlı süni intellekt mühəndisi Karter Çörç (Carter Church) edib.
O, tarixi sənədin şifrəsini açmaq üçün OpenAI tərəfindən hazırlanmış GPT-6 Astra modelindən istifadə edib.
Təxminən 24 sətirdən ibarət olan məktub rəqəmlərdən, hərflərdən və müxtəlif simvollardan ibarət mürəkkəb hərbi məlumatları ehtiva edir. Uzun illərdir rəqəmsal arxivlərdə saxlanılan sənəd həm peşəkar tədqiqatçıların, həm də həvəskar kriptoqrafların diqqətini cəlb etsə də, indiyədək deşifrə edilə bilməmişdi.
Çörç AFP-yə açıqlamasında əldə etdiyi nəticədən böyük həyəcan keçirdiyini bildirib. Onun sözlərinə görə, süni intellektin əsas üstünlüyü mürəkkəb məsələlər üzərində yorulmadan və israrla işləmək qabiliyyətidir. Çörç əldə etdiyi nəticənin doğruluğunu yoxlatmaq üçün həll olunmamış tarixi şifrələrin siyahısını hazırlayan yaponiyalı patent mühəndisi Satoşi Tomokiyo ilə əlaqə saxlayıb.
Kriptoqrafiya həvəskarları arasında tanınan “Cryptiana” saytının 58 yaşlı rəhbəri Tomokiyo öz paylaşımında 2026-cı ilin tarixi şifrələrin açılması baxımından dönüş nöqtəsi kimi xatırlana biləcəyini bildirib.
Onun sözlərinə görə, sentyabrın ortalarından etibarən saytdakı siyahıda yer alan şifrələrin böyük hissəsi süni intellekt vasitələri ilə açılıb. Bu işdə təkcə OpenAI sistemlərindən deyil, ABŞ-nin digər tədqiqat şirkəti Anthropic tərəfindən hazırlanmış qabaqcıl modellərdən də istifadə olunub.
Bununla belə, süni intellektin əldə etdiyi sürətli nəticələr kriptoqraflar arasında qarışıq hisslər yaradıb. Tomokiyo AFP-yə açıqlamasında uzun illər sirr olaraq qalan mətnlərin açılmasından sevindiyini, lakin mürəkkəb problemlərin texnologiya vasitəsilə bu qədər asan həll edilməsinin müəyyən məyusluq doğurduğunu söyləyib. O, həvəskar kriptoqraflardan birinin ona “Artıq özümü faydasız hiss edirəm” dediyini də bildirib.
Bununla yanaşı, Tomokiyo mövcud məlumatların kifayət etmədiyi bəzi mürəkkəb şifrələrin hələ uzun illər açılmamış qala biləcəyini vurğulayıb.
Bizim.Media































































































