Ukrayna Prezidenti Volodimir Zelenski Moskva tərəfindən hücumların dayandırılmaması səbəbindən Ukraynanın Rusiya neft emalı zavodlarına (NEZ) cavab zərbələrini bərpa edəcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, “Financial Times” nəşrinə müsahibəsində Ukrayna lideri bildirib ki, Donald Trampın elan etdiyi "enerji atəşkəsi" təşəbbüsünə hörmətlə yanaşaraq Rusiya neft obyektlərinə zərbələri 3 günlük dayandırmışdı.
Lakin Rusiya tərəfi fürsətdən istifadə edərək Ukraynanın energetika infrastrukturunu bombalamaqda davam edib.
Zelenski bu addımı Vaşinqton və Kiyev arasında dərinləşən gərginlik, habelə SpaceX və İlon Maskın Ukrayna hərbçilərinin "Starlink" peyk rabitəsinə tətbiq etdiyi məhdudiyyətlər fonunda açıqlayıb.
Ukrayna dövlət başçısı ABŞ və Rusiya arasında əldə olunan kommersiya sövdələşmələrinə tənqidi yanaşaraq qeyd edib:
"ABŞ və Rusiya arasında biznes daha maraqlıdır. Sual olunur: növbəti müqavilə hansı sahədə olacaq? Yəqin ki, qaz".
Xatırladaq ki, Rusiya mediasının Ryazan və Saratov NEZ-lərinə vurulan zərbələr barədə xəbərlərini Ukrayna Prezidentinin köməkçisi Dmitri Litvin təkzib edərək bu məlumatların dezinformasiya olduğunu bildirib. Rusiya rəsmisi Dmitri Peskov isə Kremlin "enerji atəşkəsi"nə riayət etməməsini təklifin "konkretləşdirilməməsi" ilə əsaslandırmağa çalışıb.
Bizim.Media



































































































