Counterpoint Research analitik şirkətinin hesabatına əsasən, 2026-cı ilin üçüncü rübündə qlobal smartfon tədarükü illik müqayisədə 20% azalaraq 2012-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Bizim.Media xəbər verir ki, ümumi bazar tənəzzülü fonunda yalnız iki nəhəng — Samsung və Apple bazar paylarını artıraraq hərəsi 20%-lik həddi keçməyi bacarıb.
Samsung (23%) bazarın lideri olaraq qalır. Şirkətin mövqeyini qorumasına flaqman modellərə, xüsusən də yeni Galaxy Z Fold 8, Fold 8 Ultra və Flip 8 qatlanan smartfonlarına olan yüksək tələbat kömək edib.
Apple (22%) ikinci yerdə qərarlaşıb. Şirkət üçüncü rübün yekunlarına görə tarixində ilk dəfə 20%-lik bazar payı həddini aşıb. Yeni iPhone 18 Pro və 18 Pro Max modelləri qiymət artımına baxmayaraq, xüsusilə Çin və Hindistanda uğurlu satış startı göstərib.
İlk beşliyə daxil olan Çin brendlərində isə kəskin geriləmə müşahidə olunur. Xiaomi-nin payı 14%-dən 10%-ə, Oppo-nun payı 12%-dən 9%-ə, Vivo-nun payı isə 9%-dən 8%-ə düşüb.
Tənəzzülün başlanmasının əsas səbəbi qlobal operativ yaddaş (RAM) çiplərinin kəskin qıtlığıdır. İstehsalçıların artan komponent xərclərini istehlakçıların üzərinə qoyması nəticəsində smartfonların pərakəndə qiyməti ilin əvvəlindən bəri orta hesabla 20% artıb.
Bu səbəbdən alıcılar mövcud cihazlarını daha uzun müddət işlətməyə və ya işlənmiş flaqman modellərə üstünlük verməyə başlayıblar.
Ekspertlər xəbərdarlıq edirlər ki, 200 dollara qədər olan büdcəli smartfonlar yüksək komponent xərcləri səbəbindən 2027-ci ilə qədər bazardan tamamilə itə bilər. Artıq ASUS və Meizu kimi tanınmış brendlər smartfon bazarından çıxdıqlarını rəsmən bəyan ediblər.
Bizim.Media


































































































