Bəşəriyyət tarixində ilk dəfə olaraq dünyada doğum səviyyəsinin kəskin düşməsi fonunda 65 və daha yuxarı yaşda olan insanların sayı 5 yaşınadək uşaqların sayını üstələyib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosunun hesabatında bildirilib.
Demoqrafların gözlədiyindən daha tez baş verən bu qlobal yaşlanma prosesi bütün regionları əhatə edir. 2022-ci ildə hər iki yaş qrupunun payı təxminən bərabər (10%) idisə, artıq fərq sürətlə böyüyür. Proqnozlara görə, 2060-cı ilə qədər ahıl insanların payı 20%-ə çatacaq, azyaşlı uşaqların payı isə 7%-ə düşəcək.
Demoqrafik böhranın əsas göstəriciləri:
- Doğum səviyyəsinin düşməsi: 2023-cü ildə dünya əhalisinin 71%-dən çoxu doğum göstəricisi nəslin yenilənməsi səviyyəsindən (hər qadına təxminən 2,1 uşaq) aşağı olan ölkələrdə yaşayıb. 2013-cü ildə bu göstərici 45% idi.
- Ümumi artım: 65 yaşdan yuxarı insanların sayının 2025-ci ildəki 852 milyondan 2060-cı ildə 2 milyarda çatacağı gözlənilir. Bu, planet əhalisinin ümumi artımının (8,13 milyarddan 10,23 milyarda) 55%-ni təşkil edəcək.
- Regionlar üzrə mənzərə: Avropa hələ də planetin "ən qoca regionu" olaraq qalır, lakin əsas demoqrafik sıçrayış Asiyada baş verəcək — burada yaşlıların sayı 487 milyondan 1,24 milyarda yüksələcək. Ən gənc region sayılan Afrikada isə yaşlı əhali 4 dəfədən çox artaraq 249 milyona çatacaq və bu göstərici ilə Avropanı (214 milyon) geridə qoyacaq.
- ABŞ-nin mövqeyi: 2025-ci ildə ABŞ əhalisinin 18,9%-i 65 yaşdan yuxarı olmaqla 227 ölkə arasında 48-ci yeri tutub. 2060-cı ilə qədər bu göstərici 23,4%-ə yüksəlsə də, digər ölkələrin daha sürətlə qocalması səbəbindən ABŞ reytinqdə 110-cu pilləyə düşəcək.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, bütün dövlətlər 2050-ci ilə qədər səhiyyə və sosial təminat sistemlərini bu dəyişikliyə hazırlamalıdırlar. İnkişaf etmiş ölkələrdə artıq əsas diqqət xəstəliklərin müalicəsindən daha çox insanların sağlamlığını mümkün qədər uzun müddət saxlamağa yönəldilir.
Bizim.Media




































































































