ABŞ-da Kali adlı it sahibi Riannon Bamberqi və sevgilisi Reksi evdə baş verən yanğından xilas edib.
Bizim.Media xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Belə ki, avqustun 21-i səhər tezdən şiddətli bir ildırım başlayıb. Güclü ildırım zamanı adətən qorxan Kali sahibinin yanına gedib. Lakin it qəfildən yataq otağından dəhlizə qaçıb. Qadın onun ardınca gedib. İt israrla sahibini qaraja tərəf aparıb. Qadın qapını açıb və qarajın alovlandığını görüb. O, dərhal sevgilisini oyandırıb. Kişi maşınları yanğından uzaqlaşdırmağa çalışıb, amma gec olub.
Reks və Riannonun qonşusu ildırım və tüstü gördükdə yanğınsöndürən oğlunu oyadıb. Oğlan yanğınsöndürən briqadaya zəng edib və özü də köməyə gedib.
Nəticədə nə it, nə də sahibləri xəsarət almayıb, amma ev tamamilə yanıb. Ev cəmi səkkiz ay əvvəl alınıb və cütlüyün ilk evi olub.
Hadisədən xəbər tutan qonşular ailəyə paltar, ayaqqabı və digər zəruri əşyalarla kömək edib. Kali üçün isə oyuncaqlar və şirniyyatlar alıblar.
Reks və Riannon hazırda dostlarının evində qalırlar. Qadın bildirib ki, evlərini itirsələr də, sağ qaldıqları və Kali yanlarında olduğu üçün minnətdardırlar.




Bizim.Media



































































































