Kreml ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliffin Moskvaya səfəri ətrafında yayılan sui-qəsd nəzəriyyələrini və müxtəlif fərziyyələri “məşhur əyləncə” adlandırıb.
Bizim.Media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CİA rəhbərinin Moskvaya səfəri ilə bağlı qeyri-rəsmi məlumatların yayılmasını şərh edərkən bildirib ki, xüsusi xidmət orqanları arasında əlaqələr müntəzəm xarakter daşıyır və məzmunlu olur.
“Xüsusi xidmət orqanları arasında kifayət qədər rutin əlaqələr ətrafında müxtəlif sui-qəsd nəzəriyyələri qurmaq, fərziyyələri və mifləri artırmaq – bu, artıq məşhur bir əyləncədir.
Lakin xüsusi xidmətlər xətti üzrə əlaqələrə gəlincə, onlar həqiqətən müntəzəm xarakter daşıyır və həqiqətən də məzmunludur”, – Peskov deyib.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşünün CİA direktorunun Moskvaya səfəri ilə əlaqəli olması barədə yayılan məlumatları təkzib edib.
“Rusiya-Belarus münasibətləri amerikalılarla təmaslardan heç bir şəkildə asılı olmayan tamamilə müstəqil bir istiqamətdir”, – Kreml nümayəndəsi vurğulayıb.
Bizim.Media


































































































