"Google" şirkəti selfi-video vasitəsilə istifadəçi hesablarında avtorizasiyadan keçməyi təmin edən yeni üsulun mərhələli şəkildə tətbiqinə başlayıb.
Bizim.Media bildirir ki, yeni mexanizm hesabların mühafizə səviyyəsini artırmaq və dipfeyk (deepfake) texnologiyalarından istifadə etməklə hesaba qanunsuz daxilolma cəhdlərini çətinləşdirmək məqsədi daşıyır.
Bu funksiyadan artıq istifadə edə bilən şəxslər smartfonun ön kamerası və ya kompüterin veb-kamerası vasitəsilə qısa video çəkərək əlavə autentifikasiya səviyyəsi qura bilərlər. Çəkiliş zamanı sistem üzü fərqli bucaqlardan qeydə almaq üçün başı müxtəlif tərəflərə döndərməyi təklif edir.
Gələcəkdə bu videoqeydiyyatdan hesaba girişi bərpa edərkən şəxsiyyəti təsdiqləmək üçün istifadə etmək mümkün olacaq. Belə olan halda istifadəçi yeni selfi-video çəkir, sistem isə onu əvvəllər yaddaşda saxlanılan nümunə ilə müqayisə edir.
Şirkət bildirir ki, videoqeydlər şifrələnmiş formada saxlanılır və onlardan yalnız şəxsiyyətin autentifikasiyası üçün istifadə olunur. Zərurət yarandıqda, istifadəçi yaddaşda saxlanılan selfi-videosunu istənilən an silə bilər.
Bizim.Media





































































































