Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində Rusiyanın bu ölkəyə qarşı total iqtisadi embarqo tətbiq etməsi fonunda Avropa İttifaqı (Aİ) erməni məhsulları üçün öz qapılarını açmağa hazırlaşır.
Bizim.Media "Azadlıq Radiosu"nun (RFE/RL) Brüsseldəki mənbələrinə istinadən xəbər verir ki, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutacaq.
Danışıq zamanı Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər şəraitində Aİ-nin Ermənistana göstərəcəyi dəstək müzakirə olunacaq.
Məlumata görə, Avropa İttifaqı İrəvana maliyyə yardımı ayırmağı planlaşdırır, lakin bu yardımın dəqiq həcmi hələlik müəyyən edilməyib. Maliyyə dəstəyi ilə yanaşı, Brüssel Ermənistan üçün ticarət sahəsində güzəştli şərtlər tətbiq etmək niyyətindədir.
Söhbət bəzi Ermənistan məhsullarının Avropa bazarına gömrük rüsumu və kvota olmadan daxil olmasını nəzərdə tutan muxtar ticarət tədbirlərindən gedir.
Hazırda bu güzəştli rejimin konkret olaraq hansı erməni mallarına şamil ediləcəyi məlum deyil. Lakin aydındır ki, Aİ bu alətdən adətən böhran vəziyyətlərində tərəfdaşlarının iqtisadiyyatını sabitləşdirmək və Avropa bazarına inteqrasiyanı dərinləşdirmək üçün istifadə edir. Bunun ən son nümunəsi Ukraynadır; Rusiyanın genişmiqyaslı hücumundan bir neçə ay sonra — 2022-ci ilin iyununda Ukrayna üçün bu rejim işə salınmışdı. Moldova isə 2008-ci ildən bəri muxtar ticarət tədbirlərindən yararlanır.
Rusiya 2014-cü ildə Moldova şərablarının, meyvə və ət məhsullarının idxalını qadağan edəndə Brüssel bu imtiyazları daha da genişləndirmişdi.
Ermənistan hökuməti bu güzəştli rejim barədə Brüsellə danışıqlara bir neçə il əvvəl başlayıb. Ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ildə verdiyi açıqlamada "danışıqların asan keçmədiyini" bildirmişdi. Lakin RFE/RL-in mənbələrinin məlumatına görə, Avropa Komissiyası artıq bu istiqamətdə addım atmağa hazırdır. Üstəlik, bu ticarət imtiyazları birtərəfli xarakter daşıyır, yəni Ermənistan eyni tədbirləri Avropa mallarına tətbiq etməyə borclu deyil.
Bu isə İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki öhdəlikləri ilə ziddiyyət təşkil etməyəcək.
Əgər Avropa İttifaqı Ermənistana qarşı muxtar ticarət tədbirlərinin tətbiqini yekun olaraq təsdiqləsə, bu, erməni istehsalçılarının təxminən 450 milyonluq Avropa bazarına çıxışına şərait yaradacaq. Bir şərtlə ki, ixrac olunan məhsullar Avropa standartlarına və keyfiyyətinə cavab versin.
Xatırladaq ki, Rusiyanın "Rosselxoznadzor" xidməti alkoqollu içkilər və mineral sular da daxil olmaqla, Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalını demək olar ki, tamamilə məhdudlaşdırıb.
Bu zaman standart bəhanədən istifadə olunur: məhsulun keyfiyyət standartlarına cavab vermədiyi və ya meyvə-tərəvəzdə hansısa xəstəliklərin aşkarlandığı iddia edilir.
Hətta bəzi hallarda biologiya qanunlarının pozulması faktlarına da rast gəlinir. Məsələn, Ermənistan mediasının məlumatına görə, Gürcüstan-Rusiya sərhədindəki "Yuxarı Lars" buraxılış məntəqəsində Ermənistandan Rusiyaya istiot aparan sürücüyə sənəd verilib və orada bu tərəvəzdə yalnız pomidorlara xas olan xəstəliyin aşkarlandığı qeyd olunub.
Dünən baş nazir Nikol Paşinyan erməni mallarının alternativ bazarlara ixracı ilə bağlı danışıqların aparıldığını və bəzi razılaşmaların artıq əldə olunduğunu bəyan edib.
Həmçinin dünən xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə telefon danışığı aparıb. Komissar Rusiyanın artan təzyiqləri qarşısında Brüsselin Ermənistanla həmrəy olduğunu ifadə edib.
Avropa rəsmisi bildirib ki, "Biz Cənubi Qafqaz və regionla ticarət, həmçinin enerji əlaqələrinin inkişafı, eləcə də Ermənistanın ən yaxın qonşuları ilə iqtisadi münasibətlərinin gücləndirilməsinə dəstək istiqamətində işləri sürətləndirəcəyik".
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:14 / 03.06.2026
Lyayen Avropa qapılarını erməni məhsulları üçün açır — Brüsselin cavab gedişi
Hazırda oxunan: Lyayen Avropa qapılarını erməni məhsulları üçün açır — Brüsselin cavab gedişi
Hazırda oxunan: Lyayen Avropa qapılarını erməni məhsulları üçün açır — Brüsselin cavab gedişi
617008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































