Dövlət Departamentində "beyin axını": ABŞ bir ildə 2000-ə yaxın diplomatını itirdi

Dövlət Departamentində "beyin axını": ABŞ bir ildə 2000-ə yaxın diplomatını itirdi

Hazırda oxunan: Dövlət Departamentində "beyin axını": ABŞ bir ildə 2000-ə yaxın diplomatını itirdi

616384

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentində genişmiqyaslı yenidənqurma işləri həyata keçirir. Bu proses artıq təcrübəli diplomatların kütləvi şəkildə qurumdan getməsinə və dünya boyu bir çox səfirlik vəzifələrinin boş qalmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" telekanalı Amerika diplomatik xidmətinin hazırkı və keçmiş əməkdaşlarına istinadən məlumat yayıb.

Amerika Diplomatik Xidmət Assosiasiyasının məlumatına görə, son bir il ərzində xarici siyasət idarəsini işdən çıxarılma, məcburi istefa və ya könüllü ayrılma yolları ilə 2 000-ə yaxın diplomat tərk edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ABŞ diplomatik xidmətinin ümumi ştat sayı 13 mindən bir qədər çox olub.
 

İşdən gedənlər arasında diplomatik xidmətə təxminən otuz ilini həsr etmiş karyera diplomatı Kelli Adams-Smit də var. O, 2024-cü ildə ABŞ-ın Moldovadakı səfiri vəzifəsinə irəli sürülsə də, yeni administrasiya hakimiyyətə gəldikdən sonra onun namizədliyi, eləcə də digər onlarla peşəkar diplomatın təyinatı geri çağırılıb.


Səfirliklər başsız qalır, vəzifələrə siyasi təyinatlar edilir

"NBC News"un məlumatına görə, Tramp administrasiyası əvvəlcə peşəkar diplomatların səfir postlarına olan onlarla namizədliyini baxışdan çıxarıb, daha sonra isə artıq fəaliyyətdə olan səfirləri geri çağırmağa başlayıb. ABŞ qanunvericiliyinə əsasən, xaricdən ezamiyyətdən qayıdan diplomat 90 gün ərzində özünə yeni vəzifə tapmalıdır, əks halda istefaya getməyə məcbur olur.

Bu vəziyyətin fonunda hazırda dünya üzrə ABŞ səfirliklərinin yarıdan çoxu Senat tərəfindən təsdiqlənmiş səfirlər olmadan fəaliyyət göstərir. Səfiri olmayan ən diqqətçəkən ölkələr arasında Ukrayna, Konqo Demokratik Respublikası, Fars körfəzinin bir sıra ölkələri və Afrika dövlətləri var.

Diplomatik Xidmət Assosiasiyasının qiymətləndirməsinə görə, boş qalan səfir vəzifələrinin sayı hazırda əvvəlki administrasiya dövrü ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

Mənbələr iddia edir ki, administrasiya getdikcə daha çox siyasi təyinatlı şəxslərə üstünlük verir.

Trampın birinci prezidentlik müddətində səfir vəzifələrinə namizədlərin yarıdan çoxu peşəkar diplomatlar idisə, hazırda onların payı 8%-dən də az təşkil edir.

Telekanalın həmsöhbətləri həmçinin qeyd edirlər ki, Dövlət Departamentinin təcrübəli əməkdaşları əsas beynəlxalq danışıqlarda demək olar ki, iştirak etmirlər. Xüsusilə Ukrayna, Rusiya və İran üzrə danışıqlar prosesini peşəkar diplomatlar deyil, getdikcə daha çox Ağ Evin xüsusi nümayəndələri və prezidentin yaxın silahdaşları aparır.
 

Sistemdə əlavə narazılığa səbəb olan digər məqam isə kadrların qiymətləndirilməsi sistemindəki dəyişikliklər olub. Yeni xidməti attestasiya meyarlarında əməkdaşın keyfiyyətləri arasında birinci yerə "sədaqət" (loyanlıq) amili qoyulub. Keçmiş diplomatlar xəbərdarlıq edirlər ki, bu yanaşma diplomatik xidmətin siyasiləşməsinə və müstəqil ekspert qiymətləndirilməsinin rolunun azalmasına gətirib çıxara bilər. Dövlət Departamenti isə bu ittihamları rədd edir.


Qurumun rəsmisi Tommi Piqott bəyan edib ki, prezident ABŞ-ın xaricdəki maraqlarını kimin təmsil edəcəyini özü müstəqil müəyyən etmək hüququna malikdir və islahatlar "Öncə Amerika" xarici siyasət kursunun reallaşdırılmasına yönəlib.

Lakin rəyi soruşulan diplomatlar bu kadr dəyişikliklərinin fəsadlarının hələ uzun illər hiss olunacağını və ABŞ-ın böyük institut təcrübəsi, xarici dil bilən region ekspertləri və böhran menecerləri itirdiyini vurğulayırlar. Onların fikrincə, bu itkilər artan beynəlxalq münaqişələr fonunda Amerika diplomatiyasının işini ciddi şəkildə çətinləşdirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO