Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın avrointeqrasiya meyllərinə görə bu ölkənin "Ukrayna ssenarisi" ilə üzləşə biləcəyi barədə sözlərini şərh edən Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) təhlükəsizlik barədə daha çox düşünməyə və Rusiya ucbatından zərər çəkə biləcək ölkələrin xalqlarını dəstəksiz qoymamağa çağırıb.
Bizim.Media xəbər verir ki, Zelenski qeyd edib ki, "Rusiya indi digər qonşu ölkələri də əvvəlkindən daha açıq şəkildə təhdid edir".
"Rusiyanın hər bir qonşusu Ermənistan barədə deyilən sözləri eşitdi. Halbuki, bu ölkənin xalqı öz gələcəyini seçmək hüququna malik olan yeganə tərəfdir. Rusiyanın Ermənistan haqqında danışdıqları, əslində, təkcə bu ölkəyə aid deyil. Hamı təhlükəsizlik barədə daha çox düşünməli, siyasi tərəfdaşlıqların işləməsi, müasir müdafiə istehsalatlarının və mühafizə imkanlarının formalaşması, eləcə də iqtisadi əlaqələrin maksimum şaxələndirilməsi üçün birgə addımlar atmalıdır. Bu, heç kimin Rusiyadan asılı olmaması və onlara xalqları şantaj etmək üçün alətlər verməməsi üçün vacibdir".
Ukrayna lideri Avropanın, xüsusən də Aİ-nin bu məsələlərdəki mövqeyinin prinsipial, güclü və vaxtında olacağına ümid etdiyini bildirib.
"Heç kimi dəstəksiz qoymaq olmaz, Avropanın hər hansı bir xalqı və ya ölkəni itirməyə haqqı yoxdur: Ermənistanı dəstəkləmək lazımdır, Moldovanı dəstəkləmək lazımdır, Baltikyanı ölkələri, Azərbaycanı dəstəkləmək lazımdır. Gürcüstan xalqını dəstəkləmək üçün yollar tapılmalıdır və bu, ümumi Avropa vəzifəsidir. Heç kimi itirmək olmaz".
Bizim.Media





































































































