Şənbə günü günorta saatlarında Amerikanın Massaçusets ştatının sakinləri gurultulu partlayış səsi eşidiblər.
Bizim.Media xəbər verir ki, CBS News telekanalının verdiyi məlumata görə, bu səs ştatın sahili yaxınlığında atmosferdə meteoritin parçalanması nəticəsində yaranıb.
Bu barədə məlumat WBZ-TV telekanalının efirində stansiyanın baş sinoptiki Erik Fişerə istinadən və NASA-nın rəsmi bəyanatında qeyd olunub.
NASA-nın məlumatına görə, səmavi cismin parçalanması zamanı ayrılan enerji təxminən 300 ton trotil ekvivalentinə bərabər olub. Partlayış ABŞ-ın Şərq vaxtı ilə saat 14:11 radələrində baş verib və bütün ştatda eşidilən güclü səs dalğası ilə müşayiət olunub.
Şahidlər pəncərələri titrədən, ev heyvanlarını qorxudan və hətta binalarda yüngül vibrasiya kimi hiss olunan kəskin gurultu barədə məlumat veriblər. WBZ-TV redaksiyasına Boston sakinlərindən, həmçinin İpsviç və qonşu Rod-Aylend ştatının Conston rayonlarından onlarla zəng daxil olub.
Amerika Meteor Cəmiyyətinin ilkin məlumatlarına görə, yerli vaxtla saat 14:00 radələrində ABŞ-ın Şimal-Şərqindəki müxtəlif ştatlarda onlarla müşahidəçi parlaq odlu kürə fiksə edib. Bu, alimlərə obyektin hərəkət trayektoriyasını bərpa etməyə imkan verib.
ABŞ Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin (NOAA) peyk məlumatları meteoritin təxminən Massaçusetsin cənub sahili üzərində atmosferə daxil olmasına uyğun gələn siqnalları qeydə alıb. NASA-dan dəqiqləşdiriblər ki, obyekt böyük ehtimallla ştatın şimal-şərq hissəsi və Nyu-Hempşirin cənub-şərqi üzərində, təxminən 40 mil (təxminən 64 km) hündürlükdə parçalanıb.
Alimlər izah edirlər ki, bu cür səs dalğaları meteorit atmosferə böyük sürətlə — saatda 40 mindən 260 min kilometrədək sürətlə daxil olduqda yaranır. Cismin parçalanması zamanı Yer səthinə qədər yayılan və güclü partlayış kimi qəbul edilən zərbə dalğaları əmələ gəlir.
Mütəxəssislər qeyd edirlər ki, meteoritlərin böyük hissəsi atmosferdə tamamilə yanır, lakin daha böyük obyektlər parlaq partlayışlar və güclü səs dalğaları yaratmağa qadirdir. Hazırkı hadisədə obyekt, çox güman ki, okean üzərində parçalandığı üçün onun fraqmentlərini tapmaq son dərəcə çətin olacaq.
Alimlər vurğulayırlar ki, bu cür hadisələr insanlar üçün çox nadir hallarda təhlükə yaradır, meteoritlərin əksəriyyəti isə okeana düşür, çünki su qatı Yer səthinin böyük hissəsini əhatə edir.
Bizim.Media






































































































