Böyük Britaniya rəsmiləri İrlandiyanın Rusiya kəşfiyyat xidmətləri tərəfindən Krallığa sızmaq üçün rahat bir keçid kimi istifadə edilə biləcəyindən narahatdırlar.
Bizim.Media xəbər verir ki, bu barədə İrlandiyadan olan Avropa Parlamentinin deputatı Barri Endryus "News Talk" radiosuna müsahibəsində bildirib.
Siyasətçinin sözlərinə görə, Britaniya hakimiyyətinin nümayəndələri Ukraynada irimiqyaslı münaqişənin başlamasından sonra Rusiya vətəndaşlarına verilən vizaların sayının çoxluğundan narahatlıqlarını ifadə ediblər.
"Böyük Britaniya İrlandiyanın bir növ arxa qapıya çevrilməsindən qorxur. İnsanlar İrlandiyaya gəlirlər, lakin bizdə Böyük Britaniyadakı kimi müşahidə və əks-kəşfiyyat imkanları yoxdur", — deyə Endryus bəyan edib.
Təqdim olunan məlumatlara görə, 2022-ci ilin fevralından bəri İrlandiya rusiyalılara təxminən 14 min viza verib və müraciətlərin təxminən 90%-ni müsbət cavablandırıb.
Endryus Rusiya və Belarus vətəndaşlarına qarşı tətbiq edilən hazırkı viza siyasətinin ciddi şəkildə yoxlanılmasına çağırıb. Onun fikrincə, hakimiyyət müraciət edənlərin tərcümeyi-hallarını daha diqqətlə öyrənməli, onların sosial şəbəkələrdəki fəallığını təhlil etməli və əlavə müsahibələr keçirməlidir.
Siyasətçi həmçinin qeyd edib ki, Rusiyanın İrlandiyadakı fəaliyyətinin "vicdansız" və ya gizli təsirə yönəlmiş xarakter daşıdığına dair sübutlar var.
Onun sözlərinə görə, iyul ayından etibarən İrlandiyanın Avropa İttifaqı Şurasına sədrlik edəcəyi faktı xüsusi narahatlıq doğurur. Endryus hesab edir ki, bu status xarici kəşfiyyat xidmətlərinin ölkəyə olan marağını avtomatik olaraq artırır.
"İrlandiya hədəfdədir. İndi Rusiya və Belarus vətəndaşlarına vizaların verilməsinə tam yenidən baxılması üçün ən doğru zamandır", — deyə o əlavə edib.
"The Telegraph" qəzetinin yazdığına görə, daha əvvəl analoji narahatlıqları İrlandiya parlamentinin keçmiş deputatı və ordu xüsusi təyinatlılarının sabiq döyüşçüsü Katal Berri də ifadə edib. O, beynəlxalq şirkətlərin geniş miqyaslı varlığı və nisbətən zəif təhlükəsizlik mədəniyyətinin birləşməsi səbəbindən İrlandiyanı Rusiya xüsusi xidmət orqanları üçün "oyun meydançası" adlandırıb.
Mövzuya əlavə rezonans isə "The Sunday Times" qəzetinin 2024-cü ildə dərc etdiyi material olub. Həmin nəşrdə Rusiya xüsusi xidmət organları ilə gizli əlaqələrdə və "Brexit" danışıqları zamanı Kremlin maraqları naminə mümkün fəaliyyətdə şübhəli bilinən İrlandiya parlamentarilərindən biri barəsində araşdırma aparıldığı bildirilirdi.
Bizim.Media






































































































