"Telegram"ın 41 yaşlı yaradıcısı Pavel Durov messencerin rəsmi hesablarında özünün yarıçılpaq fotolarını "Ata" (Daddy) başlığı ilə paylaşaraq kütləni əyləndirdiyi bir vaxtda, onun 25 yaşlı sevgilisi Yuliya Vavilova bu "ata"nın əslində nə üçün çalışdığını xatırlatmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, gənc xanım sosial şəbəkələrdə özünün ifadə etdiyi kimi "real olmayan" istək siyahısını (wish-list) yayımlayıb.
Etiraf etmək lazımdır ki, Yuliyanın istəkləri heç də kiçik deyil. O, "Birkin" çantaları və ya "Tiffany" üzükləri kimi adi qadın sevinclərini çoxdan geridə qoyaraq birbaşa "ağır lüks"ə keçid edib.
Yuliyanın 5 "təvazökar" istəyi:
Kabriolet "Gelik": Birinci yerdə "Mercedes G-Wagon" qərarlaşıb. Amma reperlərdəki kimi qara rəngdə yox, zərif-bej rəngində və mütləq üstüaçıq (kabriolet) variantda. Görünür, Dubay küləyinin ticarət mərkəzinə gedən yolda saçlarını gözəl dalğalandırması üçün bu mütləqdir.
Malibuda "baxçalı ev": Siyahıda növbəti yerdə okean sahilində daşınmaz əmlak gəlir. Yuliya xüsusi olaraq vurğulayıb ki, malikanə "həddindən baha və dəbdəbəli" olmamalıdır (biz bu təvazökarlığı yüksək qiymətləndiririk!). Qiyməti 5 milyon dollardan başlayan iki mərtəbəli villa ona tamamilə kifayət edir. Əsas şərt isə gün batımını izləmək üçün yataq otağının divarlarının şüşədən (şəffaf) olmasıdır.
Geymer otağı: Yuliya özünü geymer (oyun həvəskarı) kimi təqdim etdiyi üçün xəyalındakı evdə xüsusi yığılmış (custom) kompüter və bir çox texnika ilə təchiz olunmuş ayrıca otaq olmalıdır.
Şəxsi oyun imperiyası: Təkcə otaq bəs etmir — gənc xanıma həm də oyun istehsalı ilə məşğul olan bütöv bir şirkət lazımdır. Bir növ cib xərcliyi üçün startap.
Biohakinq bunkeri: Siyahını əbədi gənc qalmaq arzusu tamamlayır. Yuliya "cəmi 5 milyonluq" villasında qabaqcıl ölümsüzlük texnologiyalarının hər an əlinin altında olması üçün tibbi-kosmetoloji laboratoriya qurmağı planlaşdırır.
Bəs "Ata"nın özü nə edir?
Xatırladaq ki, cütlük artıq iki ildən çoxdur birlikdədir. Yuliya və Pavelin münasibətləri 2024-cü ilin yayında, Durovun Parisdə dramatik şəkildə saxlanılması və bu stress fonunda Vavilovanın uşağını itirməsi ilə dünya mediasının gündəminə gəlmişdi. O vaxtdan bəri onlar Dubayda yaralarını sarıyır və səyahətlər arası gələcək planlar qururlar.
Durovun öz sevgilisinin bu istək siyahısını qarşılayıb-qarşılamayacağı isə hələlik sual altındadır. Belə ki, milyarderin öz bəyanatlarından məlum olduğu kimi, o, sperma donorluğu sayəsində dünyanın 12 ölkəsində 100-dən çox uşağın bioloji atasıdır.
Pavel rəsmi olan 6 övladı ilə yanaşı, bütün gizli varislərini də alicənabcasına vəsiyyətnaməsinə daxil etdiyindən, Yuliya Malibuda villa almağa tələssə yaxşı olar — yoxsa "Ata"nın kapitalı yüzlərlə kiçik Durovlar arasında bölünə bilər.


Bizim.Media









































































































