Arxeoloqlar 800 illik tualetdə ipək "tualet kağızı" tapıblar

Arxeoloqlar 800 illik tualetdə ipək "tualet kağızı" tapıblar

Hazırda oxunan: Arxeoloqlar 800 illik tualetdə ipək "tualet kağızı" tapıblar

616298

Almaniyanın Paderborn şəhərində arxeoloqlar qeyri-adi tapıntıya imza atıblar. Orta əsrlərə aid tualetlərdə aparılan qazıntılar zamanı XIII–XIV əsrlərdə yaşamış imkanlı şəhər sakinlərinin mükəmməl şəkildə qorunub saxlanmış məişət əşyaları aşkar edilib. Tapıntılar arasında latın dilində qeydlər olan nadir mumlu qeyd kitabçası, dəri qab və hətta tualet kağızı kimi istifadə olunduğu ehtimal edilən ipək parça qalıqları var.

Bizim.Media xəbər verir ki, Abdinghof monastırının yaxınlığında, yeni inzibati binanın tikintisi zamanı orta əsrlərə aid beş latrin (ictimai tualet) tapılıb. Təxminən 800 il yaşı olmasına baxmayaraq, tapıntılar o qədər yaxşı qorunub ki, bərpaçıların sözlərinə görə, quyuların içindəkilərdən hələ də spesifik xoşagəlməz qoxu gəlir.

Qazıntıların ən böyük sensasiyası XIII–XIV əsrlərə aid kiçik mumlu qeyd kitabçası olub. Təxminən 8,5-in 5,5 santimetrə ölçüsündə olan kitabça taxta çərçivəli on səhifədən ibarətdir və dekorativ dəri qabın içində tapılıb. Səhifələrdəki mum metal və ya sümük stilusla (yazı çubuğu) yazmağa, daha sonra isə qeydləri silib kitabçadan təkrar istifadə etməyə imkan verirdi.

Mətn tezyazı ilə latın dilində qələmə alınıb, üstəlik qeydlər müxtəlif istiqamətlərdə yazıldığı və bəzən üst-üstə düşdüyü üçün onların oxunması olduqca çətindir. Tədqiqatçılar müasir texnologiyaların köməyi ilə mətnin məzmununu tamamilə bərpa edəcəklərinə ümid edirlər.

Arxeoloqların ehtimalına görə, bu qeyd kitabçası biznes qeydləri aparan zəngin bir Paderborn tacirinə aid ola bilər. Sahibinin yüksək sosial statusuna eyni vaxtda bir neçə detal işarə edir: latın dilindən istifadə olunması, üzərində zanbaq naxışları olan nadir dekorativ dəri qab, həmçinin eyni tualet quyusunda tapılan bahalı ipək parça qalıqları.

Tədqiqatçıları xüsusilə təəccübləndirən amil bu parçanın vəziyyəti olub. Bəzi hissələr səliqəli şəkildə düzbucaqlı kəsiklərə bölünüb. Alimlər istisna etmirlər ki, köhnəldikdən sonra bu bahalı ipək parçadan tualet kağızı kimi istifadə olunub.

Tualet quyularında kitabça və parçadan başqa çəlləklər, keramika məmulatları, toxunma səbətlər və bıçaqlar da aşkarlanıb. Bütün bu əşyalar orta əsrlər Vestfaliyasının zəngin şəhər təbəqəsinin gündəlik həyatını bərpa etməyə kömək edir.

Arxeoloqlar qeyd edirlər ki, elm üçün qədim tualetlər tez-tez əsl "zaman kapsulu" rolunu oynayır: rütubətli və oksigensiz mühit, adətən sürətlə çürüyən üzvi materialları mükəmməl şəkildə qoruyub saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO