İspaniya baş nazirinin həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI - DETALLAR

İspaniya baş nazirinin həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI - DETALLAR

Hazırda oxunan: İspaniya baş nazirinin həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI - DETALLAR

606972

İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesə iki illik araşdırmadan sonra korrupsiya ittihamları irəli sürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi aprelin 13-ü axşam saatlarında məlumat yayıb.

Həmin gün açıqlanan məhkəmə sənədinə əsasən, 55 yaşlı Qomes nüfuzdan sui-istifadə, biznesdə korrupsiya, vəsaitin mənimsənilməsi və israfda ittiham olunur.

Qeyd edək ki, onunla bağlı araşdırma 2024-cü ilin aprelində hakim Xuan Karlos Peinado tərəfindən başlanıb.

İstintaqın mərkəzində Beqonya Qomesin Madriddəki Komplutense Universitetində yaratdığı “Rəqabətqabiliyyətli sosial transformasiya” adlı kafedra dayanıb.

Mütəxəssislərin fikrincə, adı bir çoxları üçün anlaşılmaz olan bu kafedranın yaradılmasına ehtiyac olmayıb və onun açılması üçün universitet rəhbərliyinə təzyiq göstərilib.

İstintaq başladıqdan sonra həmin kafedra “nə elmi, nə də praktiki məna daşımadığı” əsas gətirilərək bağlanıb.

2024-cü ilin oktyabrında isə araşdırma daha da genişləndirilib. Buna səbəb ifrat sağçı Hazte Oír təşkilatının baş nazirin həyat yoldaşına qarşı Komplutense Universitetinə məxsus proqram təminatının qanunsuz mənimsənilməsi şübhəsi ilə iddia qaldırması olub.

Qomesə qarşı irəli sürülən başqa bir iddia isə dövlət büdcəsindən maaş alan məmur Kristina Alvaresdən şəxsi biznes layihələrində köməkçi kimi qanunsuz istifadə etməsidir.

Həm Beqonya Qomes, həm də həyat yoldaşı Pedro Sançes ittihamları rədd edirlər.

Sançes həyat yoldaşı ilə bağlı araşdırmanı sağ müxalifətin hökuməti sabitsizləşdirməyə yönəlmiş kampaniyasının tərkib hissəsi adlandırır.

AFP xatırladır ki, baş nazir yaxın çevrəsində baş verən korrupsiya qalmaqalları səbəbindən artan təzyiqlərlə üzləşir və müxalifət onun istefasını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO