Pentaqon İran dronları ilə mübarizə aparmaq üçün səmərəli yol tapıb.
ABŞ-nin Yaxın Şərq bölgəsindəki silahlı qüvvələri yerüstü bölmələrə birbaşa aviasiya dəstəyi üçün nəzərdə tutulmuş "A-10 Thunderbolt II" hücum təyyarələrindən İranın zərbə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə məqsədilə istifadə etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) materialları təsdiq edir.
"Army Recognition" nəşri diqqət çəkib ki, hücum təyyarəsinin döyüş uçuşu zamanı "X" sosial şəbəkəsində yayımlanan fotolarında qanadların altında dronları məhv etmək üçün lazer istiqamətləndirmə sistemi ilə təchiz olunmuş "APKWS II" idarəolunan raketləri, həmçinin PUA-ların məhv edilməsi üçün tətbiq edilə bilən "Sidewinder" tipli "hava-hava" raketləri qeydə alınıb. Bundan əlavə, təyyarə ştat qaydasında yeddilüləli fırlanan bloka malik 30 mm-lik "GAU-8" aviasiya topu ilə silahlanıb.
Hazırda İordaniya ərazisində yerləşən "Muvaffaq Salti" hərbi hava bazasında 10 maşından ibarət "A-10" hücum təyyarələri eskadronu dislokasiya olunub.
Bundan əvvəl ABŞ hərbi idarəsinin nümayəndələri dəfələrlə İranın ballistik raketlərini və zərbə dronlarını zərərsizləşdirmək üçün lazım olan bahalı zenit idarəolunan raketlərin artan qıtlığına işarə ediblər. Keçən həftə Birləşmiş Ştatlar Sakit okean regionunun arsenallarından Yaxın Şərqə əlavə raketdən müdafiə sistemləri buraxılış qurğularının köçürülməsini həyata keçirib.
"APKWS II" idarəolunan raketlərinin dəyəri vahid üçün təxminən 30 min dollar təşkil edir ki, bu da nisbətən aşağı qiymətdir və onları istehsalı, bir qayda olaraq 50 min dollardan baha başa gəlməyən hərbi pilotsuz aparatlarla mübarizədə iqtisadi cəhətdən əsaslandırılmış vasitəyə çevirir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb.
Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb. (Report.az)
Bizim.Media
































































































