Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı ritorikasını dəyişib və artıq ölkənin qalan hissəsinin qorunmasını qələbə kimi qiymətləndirə bilər.
Bizim.Media xəbər verir ki, bu fikri Rod-Aylend Universitetinin politologiya professoru Nikolai Petro YouTube kanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, əvvəllər əsas məqsəd Rusiyanın sıxışdırılıb çıxarılması kimi təqdim olunurdu. Hazırda isə vurğu atəşkəsə və Ukraynanın mövcud ərazilərinin saxlanmasına yönəlib. Ekspert hesab edir ki, məhz bu yanaşma Avropa İttifaqında “qələbə” kimi təqdim olunmağa başlayır.
Petro qeyd edib ki, bir neçə il əvvəl səslənən bəyanatlar və tələblərlə müqayisədə bu mövqe hədəflərin ciddi şəkildə yenidən nəzərdən keçirilməsi kimi görünür.
Professorun fikrincə, hazırda Aİ-nin Ukrayna ilə bağlı aydın strategiyası yoxdur. O iddia edir ki, əvvəlki yanaşma effektiv olmayıb, yeni xətt isə hələ formalaşdırılmayıb.
Ekspert maliyyə dəstəyinə də diqqət çəkib. Onun sözlərinə görə, Aİ iki il ərzində təxminən 90 milyard avro ayırıb. Lakin Ukrayna tərəfinin qiymətləndirməsinə əsasən, bu məbləğ dövlətin fəaliyyətinin və minimal səviyyədə hərbi əməliyyatların davam etdirilməsi üçün yetərli deyil.
Bizim.Media



































































































