Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini, general-leytenant Vladimir Alekseyevə qarşı törədilən sui-qəsdin icraçısının və tərəfdaşlarının saxlanıldığını elan edib.
Bizim.Media xəbər verir ki, cinayətin birbaşa icraçısı olan Rusiya vətəndaşı L. Korba Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaxalanaraq Rusiyaya təhvil verilib.
FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, killer sui-qəsddən dərhal sonra xaricə qaçmağa nail olsa da, Rusiya və BƏƏ xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində Dubayda saxlanılıb.
L. Korba (Rusiya vətəndaşı) sui-qəsdi icra etdikdən sonra ölkəni tərk etmişdi.
FSB cinayətdə əli olan digər şəxsləri də müəyyən edib. Bunlar Rusiya vətəndaşları V. Vasin və Z. Serebritskayadır. V. Vasin Moskvada keçirilən əməliyyatla saxlanılıb. Digər şübhəli Z. Serebritskayanın isə Ukraynaya qaçdığı bildirilir.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Moskvanın Volokolamsk şossesindəki yaşayış binasında general Alekseyevə qarşı hücum təşkil olunub.
Killer generalı evinin girişində, liftin yanında gözləyib və ona üç dəfə atəş açıb. Rusiya mətbuatının yazdığına görə, general Alekseyev (QRU-nun "ikinci adamı" kimi tanınır) silahsız olmasına baxmayaraq, killerə aktiv müqavimət göstərib. Bu müqavimət onun həyatını xilas edib.
Hazırda generalın vəziyyəti ağır-stabil olaraq qalır. Əməliyyatdan sonra özünə gələn Alekseyevin həyatı üçün birbaşa təhlükənin sovuşduğu bildirilir.
Bu sui-qəsd regionda gərgin diplomatik proseslərin getdiyi bir vaxta təsadüf edir. Rusiya XİN rəhbəri Sergey Lavrov hadisəni "sülh danışıqlarını pozmaq cəhdi" adlandıraraq, bunda Ukrayna xüsusi xidmət orqanlarını ittiham edib.
Kiyev isə bu ittihamları rədd edərək, hadisəni Rusiyanın daxili hərbi elitası arasındakı "hesablaşma" kimi qiymətləndirib.
General Alekseyev QRU-nun ən nüfuzlu zabitlərindən biri hesab olunur və o, bir çox xüsusi əməliyyatların, o cümlədən "Vaqner" qrupu ilə bağlı krizis idarəetməsinin əsas fiqurlarından biri olub. (Musavat.com)
Bizim.Media



































































































