Rusiya əmək bazarında yaranmış ciddi çatışmazlıq səbəbindən Hindistan, Şri-Lanka və digər Asiya ölkələrindən işçi cəlb etməyə çalışır.
Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, Ukraynadakı müharibənin təsiri və demoqrafik problemlər ölkədə son onilliklərin ən kəskin işçi qıtlığını yaradıb.
Bu səbəbdən Rusiya əvvəllər əsasən Mərkəzi Asiyadan cəlb etdiyi miqrantların coğrafiyasını genişləndirərək daha çox əhali potensialına malik ölkələrə üz tutur.
Rəsmi qiymətləndirmələrə görə, ölkə iqtisadiyyatının onilliyin sonuna qədər təxminən 11 milyon əlavə işçiyə ehtiyacı olacaq.
Hazırda xarici işçilər əsasən tikinti, restoran, xidmət və digər sahələrdə mövcud vakansiyaları doldururlar. Asiya ölkələrindən gələn əmək miqrantlarının sayının artdığı və onlara uyğunlaşma məqsədilə rus dili kurslarının təşkil edildiyi də qeyd olunur.
Ekspertlər bildirirlər ki, əhalinin yaşlanması, aşağı doğum səviyyəsi və müharibənin təsirləri Rusiyanın əmək bazarındakı böhranın əsas səbəbləri sırasındadır və ölkə bu boşluğu doldurmaq üçün xarici işçi qüvvəsindən daha çox asılı vəziyyətə düşə bilər.
Bizim.Media




































































































