Rusiyanın Krasnoyarsk şəhərində səkkizinci sinif şagirdinin törətdiyi yanğın hadisəsindən sonra həmin məktəbin direktoru işdən çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Qərarın səbəbləri barədə əlavə detallar açıqlanmayıb.
Qeyd edək ki, hadisə fevralın 4-də Krasnoyarskda yerləşən “Pokrovskiy Kompleksi” adlı orta məktəbdə baş verib. Krasnoyarsk diyarı prokurorluğunun məlumatına görə, səkkizinci sinif şagirdi təhsil müəssisəsinə yandırıcı maddə gətirərək parçanı alışdırıb və alovlanan parçanı sinif otağına atıb.
Nəticədə üç şagird müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Bundan başqa, hadisəni törədən şagird daha iki sinif yoldaşına və bir müəllimə bədən xəsarətləri yetirib.
Zərərçəkən uşaqlardan birində bədənin 15 faizini əhatə edən ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri qeydə alınıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha iki nəfərin kəllə-beyin travması aldığı bildirilir.
Bizim.Media




























































































