ABŞ Prezidenti Donald Tramp onun həyatına təhlükə yaranacağı təqdirdə İranı tamamilə yer üzündən siləcəyi ilə hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp NewsNation telekanalının aparıcısının İranın ona qarşı təhdidlər səsləndirdiyinə dair iddiasını şərh edərkən danışıb.
“Onlar bunu etməməlidirlər, amma mən xəbərdarlıq etdim: əgər nəsə baş verərsə, bütün ölkə havaya uçacaq. Mənim çox dəqiq göstərişlərim var: nəsə baş versə, onlar yer üzündən silinəcəklər”, – deyə Tramp bildirib.
ABŞ lideri eyni zamanda öz sələfi Co Baydeni Tehrana qarşı kifayət qədər sərt siyasət aparmamaqda ittiham edib.
“Biz həmişə təəccüblənirdik ki, Bayden niyə heç nə demir? Əgər o vaxt Ağ Evdə mən olsaydım və onlar kiməsə – hətta prezidentə yox, sadəcə kiməsə – mənimlə olduğu kimi hədə-qorxu gəlsəydilər, mən onlara çox ağır zərbə endirərdim”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, ötən həftə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Trampın İrana hücum qərarı verəcəyi halda, Tehranın ona “unudulmaz dərs” verməyə hazır olduğunu bəyan etmişdi. (Mənbə: TASS)
Bizim.Media
































































































