Pakistan ordusu Əfqanıstanın Paktika vilayəti ərazisinə hava hücumları həyata keçirib.
Bizim.Media “Al Jazeera” nəşrinə istinadən xəbər verir ki, bu zərbələr nəticəsində azı 10 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Hadisə iki günlük atəşkəs dövrünün sona çatmasına və sərhəddə iki günlük nisbi sakitliyin pozulmasına səbəb olub.
Əfqan rəsmiləri bildiriblər ki, zərbələr cümə günü gecə Paktika vilayətinin üç müxtəlif məntəqəsinə endirilib.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli Taliban rəsmisi AFP-yə deyib: “Pakistan atəşkəsi pozub və Paktikada üç bölgəni bombalayıb. Əfqanıstan cavab verəcək.”
Vilayət xəstəxanasından bildirilib ki, hücum nəticəsində 10 mülki şəxs, o cümlədən iki uşaq həyatını itirib, 12 nəfər isə yaralanıb.
Hava zərbələrindən sonra Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid açıqlama verərək bildirib ki, hər iki ölkənin nümayəndələri Doha şəhərində böhran danışıqları aparacaq:
“Söz verdiyimiz kimi, Pakistan tərəfi ilə danışıqlar bu gün Dohada keçiriləcək.”
O əlavə edib ki, danışıqlarda iştirak etmək üçün Müdafiə naziri Molla Məhəmməd Yaqubun rəhbərlik etdiyi yüksək səviyyəli Əfqanıstan nümayəndə heyəti Dohaya yola düşüb.
Eyni zamanda Pakistan dövlət televiziyası da xəbər verib ki, ölkənin müdafiə naziri Xavaca Asif və kəşfiyyat rəhbəri General Asim Malik danışıqlar üçün Dohaya səfər edəcəklər.
Hadisənin idman aləminə də acı təsiri olub...
Əfqanıstan Kriket Şurası (ACB) açıqlayıb ki, hava hücumları nəticəsində bölgədə turnirdə iştirak edən üç kriketçi və daha beş nəfər həyatını itirib, yeddi nəfər yaralanıb.
Şura hadisəni “Pakistan rejiminin qorxaq hücumu” adlandırıb və bildirib ki, kriketçilər Şarana şəhərində dostluq matçından qayıdarkən Urgun rayonunda “yığıncaq zamanı hədəfə alınıblar”.
ACB hadisəni “Əfqanıstanın idman ictimaiyyəti üçün böyük itki” adlandırıb və gələn ay keçiriləcək Pakistanı da əhatə edən Tri-Nation T20I turnirindən geri çəkildiyini elan edib.
Pakistan tərəfi isə hücumları müdafiə xarakterli adlandırıb. Rəsmi mənbələrə görə, ordu Əfqanıstanla sərhəd bölgəsində Hafiz Gül Bahadur Qrupuna qarşı “dəqiq hədəfli hava əməliyyatları” həyata keçirib. İslamabad iddia edir ki, həmin qrup Pakistan Talibanı (TTP) ilə əlaqəlidir və yaxın günlərdə ölkənin tayfa bölgəsində yerləşən hərbi düşərgəyə edilən intihar hücumuna görə məsuliyyət daşıyır. Həmin hücumda 7 Pakistan hərbçisi həlak olmuşdu.
Qeyd edək ki, Pakistan uzun müddətdir Əfqanıstanı TTP kimi silahlı qrupları himayə etməkdə ittiham edir, Taliban hökuməti isə bu iddiaları qəti şəkildə təkzib edir.
Sərhəd boyunca qarşıdurmalar son bir həftə ərzində kəskinləşib. Bu, Taliban liderlərinin Hindistana səfəri ilə eyni günlərdə Kabildə baş verən partlayışlardan sonra baş verib.
Taliban bundan sonra Pakistanla cənub sərhədində hərbi əməliyyatlara başlayıb, İslamabad isə “güclü cavab veriləcəyini” bəyan edib.
Çərşənbə günü başlanan 48 saatlıq atəşkəsin məqsədi zorakılığı dayandırmaq idi.
Pakistan bildirib ki, atəşkəs 48 saat davam edəcək, Əfqanıstan tərəfi isə bu razılaşmanın yalnız Pakistan pozduğu təqdirdə bitəcəyini açıqlamışdı.
Bizim.Media